Şəkidə Azərbaycan Gəncləri Günü rəngarəng tədbirlərlə qeyd edilmişdir
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 2 fevral - Azərbaycan Gəncləri Günü Şəkidə rəngarəng tədbirlərlə qeyd olunmuşdur.
Əlamətdar gün münasibətilə fəal gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bayram şənliyi keçirilmişdir.
Gəncləri əlamətdar gün münasibətilə təbrik edən şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun artdığını, onların cəmiyyətin fəal qurucularına çevrildiklərini, ictimai-siyasi həyatda fəal iştirak etdiklərini diqqətə çatdırmışdır. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın gənclərin ictimai fəallığının artmasında və dövlət idarəçiliyində aparıcı qüvvəyə çevrilməsində, onların sosial problemlərinin həllində mühüm əhəmiyyətə malik olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, qəbul edilmiş Dövlət proqramları yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açır.
Tədbirdə çıxış edənlər ölkəmizdə gənclərin inkişafı, dövlət quruculuğu işinə cəlb olunması üçün əlverişli şərait və hüquqi baza yaradıldığını bildirmiş, rayon gənclərinə yeni nailiyyətlər arzulamışlar.
Müxtəlif sahələrdə uğur qazanmış gənclərə diplom və hədiyyələr təqdim olunmuşdur. Mükafatlandırılanlar arasında “Svetozar” - Beynəlxalq rus dili olimpiadasının Moskva şəhərində keçirilmiş yekun turunda üçüncü yerə layiq görülmüş Məhin Mustafazadə, dekorativ tətbiqi sənət, səmərələşdiricilik və ixtiraçılıq, dizayn nominasiyaları üzrə respublika baxış-müsabiqəsinin qalibləri Əfsanə Mustafayeva, Əli Xəlilov və Sevinc Məmmədova, habelə beynəlxalq və respublika səviyyəli idman yarışlarının, ənənəvi fənn olimpiadalarının respublika turlarının qalibləri vardır.