Şəkidə əhalinin tibbi müayinəsinə yüksək hazırlıq görülür
Prezident İlham Əliyevin tapşırığına əsasən 2014-cü il fevralın 17-dən mayın 1-dək respublikamızda əhalinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulur. Bu mühüm tədbirin keçirilməsinə hazırlıq işlərinin gedişi və qarşıda duran vəzifələr fevralın 15-də Şəki şəhər icra hakimiyyətinin başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə edilmişdir.
Əlaqədar qurumların, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi iclasda əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin yüksək mütəşəkkilliklə keçirilməsinin vacibliyi bir daha qeyd olunmuş, aparılan təşkilati işlər barədə məlumat verilmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirmişdir ki, Prezident İlham Əliyev əhalinin sağlamlığının qorunmasını ən vacib məsələlərdən biri hesab edir və bunu çıxışlarında dəfələrlə vurğulamışdır. Təsadüfi deyildir ki, son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni xəstəxanalar, tibb məntəqələri əhalinin istifadəsinə verilir. Təəssüf ki, insanlar çox zaman öz sağlamlıqlarına biganə yanaşır, vaxtında tibbi müayinədən keçmir, xəstəliklər barədə məlumatlı olmurlar. Bəzən xəstəliklər gec müəyyən edildiyindən onların müalicəsi də çətinləşir. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü və çağırışı əhali tərəfindən böyük rəğbətlə qarşılanır.
Diqqətə çatdırılmışdır ki, tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin həkim və mütəxəssisləri cəlb edilmişlər. Müayinənin müvəffəqiyyətlə həyata keçirilməsi üçün tibb müəssisələri lazımi hazırlıq vəziyyətinə gətirilmişdir. Məlumat verilmişdir ki, müayinəyə əhalinin 18 yaşdan yuxarı hissəsi cəlb olunacaqdır. Bu məqsədlə xüsusi qrafik tərtib edilmişdir. Vurğulanmışdır ki, əhalinin işləməyən təbəqəsinin də bu tədbirə cəlb edilməsi, KİV tərəfindən lazımi izahat və maarifləndirmə işinin aparılması vacibdir.
Şəki mərkəzi rayon xəstəxanasının baş həkimi Məcid Əliyev çıxış edərək tibbi müayinəyə hazırlıq barədə məlumat vermişdir. Bildirilmişdir ki, müayinənin mütəşəkkil keçirilməsini təmin etmək üçün mərkəzi rayon xəstəxanasında xüsusi qərargah yaradılmışdır. Müayinə xəstəxananın konsultativ poliklinika şöbəsində həyata keçiriləcəkdir. Bununla bağlı müayinədə iştirak edəcək bütün həkim və tibb işçiləri əvvəlcədən ətraflı təlimatlandırılmışdır.