Tulen Kayırqazı: “Şəhər günü”ndə iştirakımızdan çox məmnunuq
Azərbaycana ilk dəfədir ki, səfər edirik. Biz burada Qazaxıstanın Almatı şəhərinin “Kazaxkonsert” Birliyini təmsil edirik. Şəkidə keçirilən “Şəhər günü”ndə iştirakımızdan çox məmnunuq.
Bu fikirləri Şəkinin 2700 illiyi və “Şəhər günü” münasibətilə keçirilən bayram tədbirlərində iştirak edən Almatı şəhərinin “Alkisa” xalq çalğı alətləri ansamblının bədii rəhbəri və dirijoru Tulen Kayırqazı müsahibəsində bildirmişdir.
Ansamblın rəhbəri demişdir: “Biz sentyabrın 22-də Azərbaycanın dahi dramaturqu Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etdik. Bu gün isə bu bənzəri olmayan Xan Sarayının qarşısında konsert verdik. Güman edirəm ki, tamaşaçılar çıxışımızı bəyəndilər. Bunu alqışlardan da hiss etdik. Şəhəriniz çox xoşumuza gəlir. Bir növ bizim Almatıya bənzəyir, çox qədim tikililəri, tarixi-memarlıq abidələri vardır. Eşitmişik ki, bu şəhərdən həm də çox məşhur şəxsiyyətlər - yazıçılar, musiqi xadimləri çıxmışdır. Növbəti illərdə də tədbirlərə, festivallara dəvət alsaq, böyük məmnuniyyətlə iştirak edəcəyik”.