Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə əhalinin tibbi müayinəsi başlanmışdır Aksiyanın ilk günündə yüzlərlə sakin müayinə olunmuşdur

18 fevral 2014 | 16:00

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq fevralın 17-dən respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Şəkidə də əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.
Müayinələrin keçirildiyi Şəki mərkəzi rayon xəstəxanasının konsultativ poliklinika şöbəsində əhalinin kütləvi dispanserizasiyasına ciddi hazırlıq işləri görülmüşdür. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyənləşdirilmişdir. Əhalinin müayinə olunması üçün poliklinika şöbəsində bütün lazımi şərait yaradılmışdır.
Mərkəzi rayon xəstəxananın baş həkimi Məcid Əliyevin verdiyi məlumata görə, tibbi müayinələrin keçirilməsi üçün təcrübəli, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 4 həkim briqadası yaradılmışdır. Aksiyanın davam etdiyi müddətdə poliklinikadakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs, flüoqrafiya kabinetləri, habelə ehtiyac yaranarsa, digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərəcəkdir. Səhiyyə ocağı səhər saat 8-dən axşam 8-dək ikinövbəli iş rejimində çalışır. Müayinələr əvvəlcədən müəyyənləşdirilmiş qrafik əsasında həyata keçirilir. Tibbi müayinələrə kənd əhalisi də cəlb olunacaqdır.
Məcid Əliyevin bildirdiyinə görə, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək insanların müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu tədbir hamının ürəyincədir. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir. Baş həkim insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə Şəki əhalisi və rayonun səhiyyə işçiləri adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Aksiyanın ilk günü günorta saatlarınadək Şəkidə artıq 300 nəfərə yaxın insan tibbi müayinədən keçmişdir.

Keçidlər