Şəkililər əhalinin sağlamlığının qorunmasına verdiyi böyük önəmə görə Prezidentə minnətdardırlar
Bu gün respublikamızın hər yerində olduğu kimi, Şəkidə də əhalinin tibbi müayinəsinə başlanılmışdır. Yaranmış imkandan istifadə edib mən də müayinədən keçdim. Təşkilatçılıqdan, yaradılan şəraitdən çox razıyam. Həkimlər müayinəyə gələnləri mehribanlıqla qarşılayırlar. Mənimlə söhbət apardılar, səhhətimlə bağlı şikayətimi dinlədilər. Tibbi cihazların köməyi ilə müayinə etdilər. Çox şükür ki, səhhətimdə elə bir ciddi problemlər yoxdur.
AzərTAc xəbər verir ki, bu fikirləri Şəki şəhər sakini Abdurahman Məmmədov jurnalistlərə müsahibəsində bildirmişdir.
Prezident İlham Əliyevin insanların sağlamlığının qorunmasına yönələn növbəti xeyirxah təşəbbüsünü yüksək qiymətləndirən Şəki sakini demişdir: “Son zamanlar insanlarda öz səhhətlərinə qarşı bir laqeydlik yaranmışdır. Düzgün qidalanmırıq, az hərəkət edirik, oturaq həyat tərzi keçiririk. Nəticədə müxtəlif xəstəliklərin yaranması ehtimalı artır, səhhətimizdə ciddi fəsadlar yaranır. Bu mənada hamımız dövlətimizin başçısının bu təşəbbüsünü ürəkdən alqışlayırıq. Bir baxın, insanlar kütləvi şəkildə necə də həvəslə müayinəyə gəlirlər. İnanıram ki, belə aksiyalar davamlı olacaqdır. Bizə göstərilən bu diqqət və qayğıya görə Prezidentimizə ürəkdən minnətdarlığımızı bildiririk”.