Şəkidə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir
Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar fevralın 26-da Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında anım mərasimi keçirilmişdir.
Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər Xocalı faciəsinin səbəblərini və mahiyyətini, erməni cəlladlarının vəhşiliklərini konkret faktlarla bir daha xatırlatmışlar. Qeyd olunmuşdur ki, bu hadisələr milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilmişdir və beynəlxalq hüquqa əsasən soyqırımı hesab olunur. Erməni millətçilərinin törətdiyi bu vəhşilik və vandalizm aktı eyni zamanda bəşəri cinayətdir.
Mərasimdə Xocalıdan olan məcburi köçkünlər Eldəniz Məhərrəmov və Möhübbət Əliyev çıxış edərək qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, dövlətimizin başçısının qətiyyəti sayəsində işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminliklərini ifadə etmişlər.
Sonra Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Tədbirdən sonra rayonda məskunlaşmış Xocalıdan olan 100-dək məcburi köçkün ailəsinə şəhər icra hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.