Orta Zəyzid kəndində səyyar qəbul
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov fevralın 27-də Orta Zəyzid kəndinin sakinləri ilə görüşmüşdür. Görüş yığıncağında kənd sakinləri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri iştirak etmişlər.
Kənd sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Sonra şəhər, qəsəbə və kəndlərimizdə, eləcə də həmin ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur.
Kənd sakinləri Vaqif Abdullayev, Elxan Məmmədov, İlqar Məsimov, Musa İsmayılov, Əli Rəsulov və başqaları çıxış edərək Orta Zəyzid kəndi ərazisində aqroservis filialının açılması, yararsız elektrik dirəklərinin dəyişdirilməsi və transformatorun əsaslı təmiri, kəndin mərkəzindən keçən çayın kənarında beton bəndin tikilməsi və çayın yatağının təmizlənməsi, Orta Zəyzid kənd 1 saylı tam orta məktəbi üçün idman zalının tikilməsi, kənddə məktəb binasının əsaslı təmiri və ya yeni məktəb binasının tikilməsi, kəndə gələn yolun, mərkəzi küçəsinin asfalt örtüyünün və yolda qəzalı vəziyyətdə olan körpünün əsaslı təmiri, kəndin yeni yaşayış massivinə telefon və qaz xəttinin çəkilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qaldırılan məsələlərin aradan qaldırılması istiqamətində ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, rayonda aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.