Şəkidə Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilmişdir
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəki Dövlət Dram Teatrında bayram tədbiri keçirilmişdir.
Bayram tədbirində şəhər rəhbərliyi, fəal qadınlar, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri iştirak etmişdir.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və “Mədəni İrsinin Qorunmasına Dəstək” İctimai Birliyinin sədri Dünyamin Xəlilov çıxış edərək qadınları əlamətdar bayram münasibətilə təbrik etmişlər. Qeyd olunmuşdur ki, təntənə ilə qeyd etdiyimiz bu gün xalqımızın ən əziz bayramlarındandır. Ona görə ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Vurğulanmışdır ki, tarixən Azərbaycanda qadına, anaya böyük hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və ağılı ilə fərqlənmişdir.
Sonra rayonun ictimai-siyasi, elmi-mədəni həyatında fərqlənən bir qrup qadına bayram hədiyyələri təqdim olunmuşdur.
Tədbir tanınmış incəsənət ustalarının hazırladığı konsert proqramı ilə başa çatmışdır.