İndiyədək Şəkidə 14 minə yaxın sakin tibbi müayinədən keçmişdir
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, əhalinin tibbi müayinədən keçirilməsi aksiyası uğurla davam etdirilir.
Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova AzərTAc-a bildirmişdir ki, aksiya artıq öz müsbət nəticələrini verməkdədir və rayon əhalisi dövlətimizin başçısının bu xeyirxah təşəbbüsünü ürəkdən alqışlayır. Xəstəliklərin erkən aşkar edilərək xəstələrin müalicəyə cəlb olunması insanların fiziki sağlamlığında mühüm rol oynayır. Tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi qərargah yaradılmış, cədvəl tərtib edilmişdir. Əhali arasında tibbi müayinənin məqsədi və əhəmiyyəti barədə müntəzəm olaraq maarifləndirmə, izahat işləri aparılır. Bunun nəticəsidir ki, rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu aksiyada olduqca fəal iştirak edir, mütəşəkkillik göstərirlər. Z.Cavadova fevralın 17-dən başlanan aksiya çərçivəsində indiyədək 14 minə yaxın sakinin tibbi müayinədən keçdiyini diqqətə çatdırmışdır.
Tibbi müayinələrin keçirildiyi Şəki Mərkəzi Rayon Xəstəxanasının konsultativ poliklinika şöbəsinə hər gün yüzlərlə rayon sakin müraciət edir. İnsanlar onlar üçün yaradılmış bu şəraitdən yetərincə yararlanmaq istəyirlər. Xəstəxananın terapiya şöbəsinin sahə həkimi Etibar Kərimov AzərTAc-a bildirmişdir ki, müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkar edilmişdir. Onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunmuşdur.
Vərəm əleyhinə xəstəxananın baş həkimi Laçın İbrahimxəlilov bildirmişdir ki, müayinələr zamanı vərəmə yoluxmaqda şübhəli bilinən xəstələr bu səhiyyə ocağına göndərilir. Burada bəlğəmin, qanın ümumi analiz müayinəsi həyata keçirilir. Xoşbəxtlikdən hələlik heç kəsdə ciddi vərəm xəstəliyi aşkar edilməmişdir.
Poliklinika şöbəsindən bildirmişlər ki, ümumiyyətlə, aksiyaya başlandığı gündən indiyədək müayinədən keçən 14 minə yaxın sakinin 2725 nəfərinə müalicə təyin edilmiş, 155 nəfərdə ilkin xəstəliklər aşkar edilmiş, 39 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.
Müayinədən keçən Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Seyid Vahabov, şəhər sakinləri İsmayıl İsmayılov, Tərlan Məmmədov, Xatirə Səlimli və başqaları əhalinin sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.