“Yaşıl Azərbaycan naminə” layihəsinin iştirakçıları Şəki şəhərində olmuşlar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 11-də başladılmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü – İDEA Kampaniyası tərəfindən ölkə miqyaslı ekoloji maarifləndirmə layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl Azərbaycan naminə” layihəsinin iştirakçıları sentyabrın 28-də Şəki şəhərində olmuş və növbəti tədbirlərini keçirmişlər. Şəhərdəki 10 və 20 nömrəli tam orta məktəblərdə VIII və IX sinif şagirdləri üçün təşkil olunan ekoloji maarifləndirmə seminarlarına ümumilikdə 120 şagird cəlb olunmuşdur.Seminarlarda şagirdlərə dünyada baş verən ekoloji fəlakətlər, Yer kürəsinin, o cümlədən Azərbaycanın ekoloji vəziyyəti, Şəkinin təbiəti, zəngin fauna və florası barədə ətraflı məlumat verilmiş, ekoloji mühitin qorunmasının zəruriliyi, bu işdə hər kəsin üzərinə düşən məsuliyyət barədə geniş danışılmışdır. Dünyada baş verən ekoloji fəlakətlər, onların yaranma səbəbləri şagirdlərə monitor vasitəsilə əyani olaraq göstərilmişdir. Dinləyicilərə ətraf mühitlə bağlı çoxsaylı suallar verilərək onların biliyi yoxlanılmış, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.Seminarlarda, həmçinin İDEA Kampaniyasının humanist məqsədlərindən, getdikcə daha çox insanın, xüsusən yeniyetmə və gənclərin bu kampaniyanın həyata keçirdiyi ekoloji layihələrdə iştirakından geniş bəhs olunmuşdur.