Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ-ın “Meri Mak Brayd” musiqi qrupu Şəki musiqisevərlərinin qonağı olmuşdur

28 mart 2014 | 16:00

Azərbaycanda səfərdə olan ABŞ-ın məşhur “Meri Mak Brayd” musiqi qrupu respublikamızın bölgələrinə səfər proqramı çərçivəsində ilk konsertini martın 26-da Şəki şəhərində vermişdir.
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən konsertin əvvəlində ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Kelli Kalam çıxış edərək konsertin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə şəhər rəhbərliyinə, musiqisevərlərə minnətdarığını bildirmişdir. Qeyd olunmuşdur ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu proqram Azərbaycan və Amerika xalqları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin, dostluq münasibətlərinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır. Bildirilmişdir ki, belə musiqi turları xalqlar arasında dialoqun qurulmasında mühüm əhəmiyyətə malikdir. Diqqətə çatdırılmışdır ki, Meri Mak Braydın rəhbərlik etdiyi bu musiqi qrupu Azərbaycanda ilk dəfədir ki, çıxış edir.
Səfirliyin müşaviri bildirmişdir ki, musiqiçilər konsertdən əvvəl ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən xüsusi tədris proqramı əsasında Şəkidə ingilis dilinin tədris olunduğu qrupların üzvləri ilə də görüşmüş, tədris prosesi ilə maraqlanmış, onlarla ingilis dilində sorğu aparmışlar.
Konsert zamanı Meri Mak Brayd və qrupun üzvlərinin təqdim etdikləri bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanmışdır.

Keçidlər