Şəkidə indiyədək 24 minə yaxın sakin tibbi müayinədən keçmişdir
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Şəkidə də mütəşəkkil davam etdirilir.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova AzərTAc-a bildirmişdir ki, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək insanların müalicəyə cəlb olunması məqsədilə keçirilən bu tədbir rayon əhalisinin ürəyincədir. Tibbi müayinələrin məqsədi və əhəmiyyəti barədə əhali arasında müntəzəm olaraq maarifləndirmə işi aparılır. Müayinələr əvvəlcədən tərtib edilmiş cədvəl əsasında həyata keçirilir.
Z. Cavadovanın bildirdiyinə görə, fevralın 17-dən davam edən aksiya çərçivəsində indiyədək 24 minə yaxın rayon sakini tibbi müayinədən keçmişdir. Rayonun 28 yaşayış məntəqəsində əhalinin pulsuz tibbi müayinəsi artıq tam başa çatdırılmışdır. Qalan yaşayış məntəqələrində tibbi müayinələr mayın 1-dək yekunlaşacaqdır.
Müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsi bu günlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Müayinə olunmaq üçün hər gün buraya yüzlərlə rayon sakini müraciət edir. Poliklinika şöbəsinin müdiri Nazim Əliyevin bildirdiyinə görə, indiyədək müayinə olunanların 3541 nəfərinə müalicə təyin olunmuş, 37 nəfər stasionar müalicəyə cəlb edilmişdir. Eyni zamanda, daha ciddi müayinəyə ehtiyacı olan bir neçə xəstə Bakı şəhərinin tibb müəssisələrinə göndərilmişdir.
Şəki Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi İmran Əliyev əhalinin pulsuz tibbi müayinədən keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Ölkə rəhbərliyinin uğurla həyata keçirdiyi siyasət nəticəsində son illər səhiyyə sistemində də böyük nailiyyətlər əldə edilmişdir. Bu gün səhiyyənin bir sıra prioritet istiqamətlərinin inkişafı, o cümlədən ana və uşaqların sağlamlığının mühafizəsi dövlət siyasəti səviyyəsinə yüksəldilmişdir. Hazırda ölkə əhalisinin tibbi müayinəsi ilə yanaşı, uşaqların icbari dispanserləşdirilməsi də uğurla davam etdirilir.
Şəkidə 39 minə yaxın uşağın yaşadığını bildirən baş həkim, onların böyük əksəriyyətinin artıq tibbi müayinədən keçdiyini diqqətə çatdırmışdır. İmran Əliyev bildirmişdir ki, uşaqların sağlamlığının mühafizəsinə dövlət qayğısının bariz nümunələrindən biri də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tərkib hissəsi olaraq “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsidir. Bu gün səhiyyənin uğurlarından biri də tibbi demoqrafik göstəricilərin ildən-ilə yaxşılaşdırılmasıdır. Aparılan işlərin məntiqi nəticəsi olaraq ölkədə uşaq və ana ölümü azalmış, uşaqların sağlamlıq vəziyyəti xeyli yaxşılaşdırılmışdır. Bu sahədə işlər ardıcıl davam etdirilir.