İcra başçısı Meram Bələdiyyəsinin nümayəndə heyətini qəbul etmişdir
Xəbər verildiyi kimi, qardaş Türkiyənin ölkəmizdə fəaliyyət göstərən səfirliyinin məsul əməkdaşları, Meram bələdiyyəsinin nümayəndə heyəti və “Anadolu Atəşi” rəqs ansamblının kollektivi şəhərimizdə keçirilən bayram tədbirlərində fəal iştirak edərək Türkiyə - Azərbaycan qardaşlığının əbədi olduğunu bir daha nümayiş etdirmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Meram bələdiyyəsinin nümayəndə heyətini Vətənə yola düşməzdən əvvəl qəbul edərək bizim dəvətimizlə Şəkiyə gəldiklərinə və bu tədbirlərdə fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirmişdir. Meram bələdiyyəsinin sədri Sərdar Kalaycı da onlara göstərilən mehribançılığa, qonaqpərvərliyə və isti münasibətə görə ev sahiblərinə razılıq etmişdir. Icra başçısı ilə bələdiyyə sədri arasında hər iki bölgənin iqtisadiyyat, mədəniyyət, turizm və ticarət əlaqələrini inkişaf etdirməsi barədə səmimi və işgüzar söhbət getmiş, fikir mübadiləsi olmuşdur.
Görüşün sonunda qonaqlara xatirə hədiyyəsi verilmişdir.