Şəki rayonunun 35 yaşayış məntəqəsində əhalinin tibbi müayinəsi başa çatmışdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin kütləvi surətdə tibbi müayinədən keçirilməsinə dair tapşırığı ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də uğurla icra edilir. Rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Nağdalı Balaşov bildirmişdir ki, tibbi müayinələrin yüksək səviyyədə təşkili üçün təcrübəli mütəxəssislərdən ibarət 4 həkim briqadası yaradılmışdır. Xəstəxananın konsultativ poliklinika şöbəsi fevralın 17-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Baş həkimin müavininin sözlərinə görə, Şəki rayonu üzrə 91 minə yaxın sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Artıq rayonun 35 yaşayış məntəqəsində tibbi müayinə başa çatmışdır. İndiyədək 56 mindən artıq sakin tibbi müayinədən keçmişdir. Onların 5319 nəfərinə müxtəlif müalicələr təyin edilmişdir. Daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 31 xəstə paytaxtın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir. Aksiyada rayon əhalisinin fəal iştirak etdiyini deyən rayon mərkəzi xəstəxanasının həkim-endokrinoloqu Nəsibə Əliyeva isə müayinə edilənlərdə endokrinoloji problemlərin, şəkər, zob, piylənmə kimi xəstəliklərin aşkar olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, müayinə zamanı xəstələrə ətraflı məlumat verilir, endomik zobun, şəkərli diabetin ağırlaşmaları, fəsadları izah edilir. Tibbi müayinədən keçən Baş Zəyzid kənd sakini Sədayə Salamova dalaq və qara ciyərindən şikayət etdiyini, ultrasəs müayinəsindən keçdiyini, səhhəti ilə bağlı həkimlərdən dəyərli məsləhətlər aldığını demişdir. Cumakənd yaşayış məntəqəsinin sakini Vaqif Süleymanov və başqaları da onlar üçün yaradılmış bu imkandan yetərincə yararlandıqlarını diqqətə çatdırmış, belə nəcib təşəbbüsə görə dövlətimizin başçısına şəkililər adından dərin minnətdarlıqlarını bildirmişlər.