Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili gənclər Azərbaycan Dövlət Aqrar Universitetinə dəvət edildilər

18 aprel 2014 | 15:00

85 illik şərəfli tarixi olan Azərbaycan Dövlət Aqrar Universiteti qeyri-neft sektorunda prioritet sahələrdən biri olan və “neft kapitalı”nın “insan kapitalı”na çevrilməsində əsaslı rol oynayan aqrar sektor üçün mütəxəssislər hazırlayan yeganə ali təhsil müəssisəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1980-ci ildə universiteti “Şərəf nişanı ordeni” ilə təltif edərkən demişdir ki, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu nəinki yüksək ixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır.
      Bu ideyanı əsas götürən universitet kollektivi müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasından, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsi konsepsiyasından irəli gələn vəzifələrin uğurla həll edilməsinə xidmət edə bilən, qlobal rəqabətə davamlı kadrların hazırlanmasını əsas məqsəd kimi qarşıya qoymuşdur.
    Bu fikirlər universitet müəllimləri ilə şəhər 10 №-li tam orta məktəbdə keçirilən görüşün leytmotivini təşkil etmişdir.
    Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbiri giriş sözü ilə açaraq, qonaqları salamlamış, Aqrar Universitetin respublikamızın sosial-iqtisadi inkişafındakı rolundan danışmış, onun məzunlarının respublikamızın xalq təsərrüfatının müxtəlif sahələrində uğurla çalışaraq yüksək vəzifələr tutduğunu qeyd etmişdir.
     Aqrar Universitetin müəllimləri Akif Axundov, Hüseyn İdrisov çıxış edərək  demişlər ki, Azərbaycan Dövlət Aqrar Universiteti yarandığı ildən bu günə kimi kənd təsərrüfatının müxtəlif sahələri üzrə 60 minə yaxın ali təhsilli mütəxəssis hazırlamışdır. Universitet öz fəaliyyətində təhsil sahəsində dövlət siyasətinin humanistlik, demokratiklik, bərabərlik, millilik və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik, fasiləsizlik, vəhdətlik, daimlik, varislik, liberallaşma və inteqrasiya prinsiplərini əsas tutur.
     Natiqlər rayonun müxtəlif məktəblərinin təmsil edən şagirdlərə müraciət edərək demişlər ki, Azərbaycanın gözəl guşələrindən biri kimi sürətlə inkişaf edən, dahi şair Nizami Gəncəvinin yurdu olan qədim Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti Sizləri aqronomluq, aqrotexnologiya, aqrar iqtisadiyyat, baytarlıq təbabəti və zoomühəndislik, elektroenergetika və informasiya texnologiyaları, mühəndislik fakültələrində, distant və əlavə təhsil mərkəzində müvafiq ixtisaslar üzrə keyfiyyətli təhsil almağa dəvət edir.
    Qeyd olunmuşdur ki, Aqrar Universitetin 600 min kitabı ehtiva edən elektron kitabxanası, zəngin laboratoriyaları, geniş təcrübə sahələri vardır. Universitetin tələbələri bilik və bacarıqlarını artırmaq üçün Norvec, İsveç, Almaniya kimi ölkələrə göndərilirlər. Bu il Aqrar Universitet üçün 570 nəfərlik tələbə şəhərciyi istifadəyə veriləcək.
    Şəhər Təhsil şöbəsinin müdiri Südabər İsmayılova çıxış edərək bu qayğı və diqqətə görə Şəkinin təhsil işçiləri və məktəbliləri adından universitet rəhbərliyinə minnətdarlığını bildirmişdir.
    Tədbirin sonunda Aqrar Universitetin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Keçidlər