Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmişdir

19 aprel 2014 | 15:00

Cari ilin birinci rübündə Şəki rayonunda faktiki qiymətlərlə 73 milyon 242 min manatlıq məhsul buraxılmışdır. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 383 min manat çoxdur. Birinci rübdə əmtəə dövriyyəsinin ümumi həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artaraq 732 milyon 29 min manat olmuşdur. Hesabat ilində Şəkidə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 22 milyon 200 min manat təşkil etmişdir. Birinci rübdə rayonda 489 yeni iş yeri açılmışdır.
    Bu faktlar Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr və cari ilin birinci rübündə rayonda görülmüş işlərlə bağlı aprelin 18-də Şəki Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə icra hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində səsləndirilmişdir.
    Bildirilmişdir ki, rüb ərzində rayon əhalisinin aztəminatlı təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, 460 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilməklə, yardım alan ailələrin sayı 2414-ə çatmışdır.
    Qeyd olunmuşdur ki, cari ilin ötən dövrü ərzində kənd təsərrüfatında məhsul istehsalının artırılması, özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanılmış, taxılçılığın, heyvandarlıq və bitkiçilik sahələrinin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Cari ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 69 min 152 hektar sahəyə aqrotexniki qulluq olunmuş, indiyədək 1768 hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır. Hazırda təsərrüfatlarda yazlıq bitkilərin əkini davam edir. Ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə rayonun müxtəlif ərazilərində, magistral avtomobil yollarının kənarlarında 40 mindən artıq ağac əkilmişdir.
    Bildirilmişdir ki, hazırda Şəki şəhərində çörək zavodunun, yeni bazarın, Baş Göynük, Baş Şabalıd, Şin, Göybulaq və Qoxmuq kəndlərində yeni məktəb binalarının, habelə Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi davam etdirilir. Eyni zamanda, bir uşaq bağçası üçün yeni bina tikilir, 2 bağçada isə əsaslı təmir işləri aparılır. Hesabat dövründə Şəki şəhərində “Gənclər evi”nin, Baş Göynük kəndində idman zalının tikintisinə başlanılmışdır. Bundan əlavə, Şəki şəhərində uşaq-gənclər idman məktəbinin, Qırxbulaq və Qaratorpaq kəndlərində isə yeni məktəb binalarının tikintisi üçün layihələndirmə işləri də artıq başa çatmışdır.
Hesabat məruzəsində, həmçinin 2014-cü ilin birinci rübündə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən ətraflı bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur.
   Yığıncaqda həmçinin əhalinin tibbi müayinəsinin gedişi və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin irsinin dərindən öyrənilməsi məqsədilə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə açıq tarix dərslərinin tədrisi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Keçidlər