Turan qəsəbəsində səyyar qəbul-görüş
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov aprelin 24-də Turan qəsəbəsinin sakinləri ilə görüşmüşdür. Görüşdə İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak etmişlər.
Sakinlər çıxış edərək icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Sonra şəhər, qəsəbə və kəndlərimizdə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, ərazidəki həlli vacib məsələlərə toxunulmuşdur.
Qəsəbə sakinləri Əbülfəz Hüseynov, Baba Səmədov, Sabir Piriyev, Xalidə Mövlamova, Şamil Mövlamov və başqaları çıxış edərək qəsəbə sakinlərinə məxsus mal-qara üçün örüş sahəsinin ayrılması, qəsəbədaxili küçələrin işıqlandırılması üçün əlavə elektrik dirəklərinin quraşdırılması, sakinlərin içməli və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması, Turan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün inzibati idarə binası tikilməsi, uşaq bağçasının əsaslı təmiri və inventar verilməsi, ərazidə yanğından mühafizə bölməsinin açılması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qaldırılan məsələlərin həlli istiqamətində ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, rayonda aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.