Şəkidə xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsinin zona turu keçirilmişdir
Şəki şəhərində uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsinin zona turu keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq keçirilən bu müsabiqə ölkəmizdə xalq çalğı alətləri ifaçılığının təbliği və coğrafiyasının genişləndirilməsi, uşaq və gənclərdə bu sahəyə marağın artırılması, istedadlı ifaçıların üzə çıxarılması, həmçinin uşaq incəsənət və musiqi məktəblərində xalq çalğı alətləri ifaçılığının tədrisi səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.
Müsabiqənin Şəki Musiqi Kollecində keçirilən zona turunda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı və Ağsu şəhər (rayon) uşaq incəsənət və musiqi məktəblərini, habelə Şəki Musiqi Kollecini təmsil edən 50-dən artıq ifaçı iştirak etmişdir. Hər bir ifaçı müsabiqəyə 3 musiqi əsəri təqdim etmişdir. Bakı Musiqi Akademiyasının professoru, Xalq Artisti Ramiz Quliyevin rəhbərlik etdiyi münsiflər heyətinin üzvləri iştirakçıların ifalarını diqqətlə dinləmiş, tövsiyyələrini vermişlər. Münsiflər heyətinin tərkibinə, həmçinin Musiqi Akademiyasının professoru Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev, habelə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin məsul əməkdaşları daxil idilər.
Münsiflər heyətinin rəyinə əsasən, zona turunda fərqlənən ən yaxşı xalq çalğı alətləri ifaçıları respublika müsabiqəsinin mayın ortalarında Bakı şəhərində keçiriləcək yekun turunda iştirak edəcəklər.
Tədbir çərçivəsində Xalq Artisti Ramiz Quliyev, Arif Əsədullayev və Mübariz Əliyev Şəki Musiqi Kollecində təhsil alan tələbələr üçün ustad dərsləri keçmişlər.