Şriftin ölçüsü :

Saytın rəngi :

Qırğızıstanın keçmiş Prezidenti Roza Otunbayeva Şəki şəhərinə səfər etmişdir

04 oktyabr 2012 | 15:00

Oktyabr ayının 3-də Qırğızıstanın keçmiş Prezidenti Roza Otunbayeva Şəki şəhərinə gəlmişdir. Səfər çərçivəsində o Kiş Alban məbədi, Şəki Xan Sarayı və Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış olmuşdur.Mən bu bölgəyə birinci dəfədir gəlmişəm. Şəkidə tarixi yerlərə, abidələrə tamaşa etdim. Bu yerlərin tarixi heyrət doğurur. Bu saray xalqınızın mədəniyyətinin zənginliyini göstərir. Bu fikirləri Roza Otunbayeva Şəki xanlarının sarayı ilə tanışlıqdan sonra jurnalistlərə müsahibəsində söyləmişdir. Roza Otunbayeva demişdir: “Azərbaycandan söz düşəndə həmişə onun mineral ehtiyatlarından danışırlar. Mən Gəncədə dahi Azərbaycan şairi Nizaminin 870 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etdim. Bu şəhərdə Nizami kimi şair, mütəfəkkir yaşayıb-yaratmışdır. Şəki xanları sarayının şəbəkələri o qədər gözəldir, rəsmlərin rəngləri o dərəcədə bir-birini tamamlayır ki, burada Şərq Nəbati memarlığı və dizaynının özünəməxsusluğunu hiss etməyə bilmirsən. Azərbaycan florasının zənginliyini əks etdirən bütün bu rəsmlər Şəki sənətkarlarının məhsullarında öz təcəssümünü tapacaq və bunlar dünyada çox yüksək tələbat olan mallar kimi satılacaqdır. Mən çox şadam ki, sizin belə zəngin tarixi keçmişiniz vardır. Bu, sizin tükənməz sərvətinizdir və ondan yetərincə faydalanmaq lazımdır. Bu isə mədəniyyətinizin daha da yüksəlişinə kömək edəcək, siz daha güclü olacaq, özünüzü daha dolğun şəkildə təqdim edə biləcəksiniz. Mən görürəm ki, sizdə mədəniyyətin tərəqqisinə çox böyük diqqət yetirilir. Son dövrlərdə aparılan bərpa işləri çox şeydən xəbər verir. Bu, Azərbaycanı dünyaya turizm ölkəsi, tarixi abidələrlə, mədəni dəyərlərlə zəngin diyar kimi tanıtmaq, təqdim etmək imkanlarınızın, potensialınızın çox böyük olduğunu göstərir. Bütün bunlar Azərbaycanın brendidir. Mən dost və qardaş Azərbaycan xalqına uğurlar arzulayıram”.

Qırğız Respublikasının keçmiş Prezidenti Şəki Xan Sarayının həyətində Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq edilmişdir. Qonağa Şəki ilə bağlı xatirə hədiyyələri təqdim edilmişdir.
Qırğız Respublikasının keçmiş Prezidenti Roza Otunbayeva Şəkidən xoş təəssüratla ayrılmışdır.
 

Keçidlər