Şəkidə Çernobıl qəzasının ildönümü ilə əlaqədar dəyirmi masa keçirilmişdir
Çernobıl qəzasının 28-ci ildönümü ilə əlaqədar aprelin 26-da Şəki Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin konfrans zalında dəyirmi masa keçirilmişdir.
Şəhər icra hakimiyyətinin, əlaqədar təşkilatların nümayəndələrinin, Azərbaycan Çernobl Əlilləri İttifaqı İB Şəki şəhər təşkilatının üzvlərinin iştirak etdikləri tədbirin əvvəlində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şəhər təşkilatının sədri, ikinci qrup əlil Oqtay Həsənov 28 il əvvəl, 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş vermiş dəhşətli qəzanın acı nəticələri barədə danışmış, bu qəzanın XX əsrdə Avropada ən böyük radiasiya fəlakəti olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün keçmiş sovet respublikalarından yüz minlərlə insan xilasetmə işlərinə cəlb edilmiş, onların böyük əksəriyyəti ağır xəstəliyə düçar olmuş, minlərlə insan şüalanmadan dünyasını dəyişmişdir. Bundan əlavə, fəlakət bölgəsində və ona yaxın ərazilərdə milyonlarla insan müxtəlif dərəcədə şüalanmaya məruz qalmışdır.
Bildirilmişdir ki, xilasetmə işlərində 7 mindən artıq azərbaycanlı da iştirak etmiş, ötən müddət ərzində onlardan 2 min nəfərdən çoxu dünyasını dəyişmişdir.
Diqqətə çatdırılmışdır ki, hazırda rayonda 68 nəfər Çernobıl iştirakçısı yaşayır. Onlardan 67 nəfərinin əlillik dərəcəsi vardır. Çernobıl əlilləri və iştirakçıları, onların ailə üzvləri daim dövlət qayğısı ilə əhatə olunmuşlar. Şəkidə yaşayan Çernobıl əlillərindən 10 nəfəri mənzillə təmin olunmuş, bir nəfərə isə minik avtomobili verilmişdir.
Dəyirmi masada çıxış edən Çernobıl əlilləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə Çernobıl əlillərini maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, müraciətləri qeydə alınmışdır.
Şəhər icra hakimiyyəti tərəfindən Çernobıl qəzası iştirakçılarına maddi yardım göstərilmişdir.