Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilmişdir
Ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunur. Azərbaycan xalqı ailə dəyərlərini, ailə ləyaqətini həmişə hər şeydən üstün tutmuşdur. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən biridir.
Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər bütün fəaliyyəti boyu Azərbaycan ailələrinin sağlam və xoşbəxt olması, milli mənəvi dəyərlər üzərində inkişaf etdirilməsi üçün çalışmışdır.
Ümummilli Lider və onun ömür-gün yoldaşı Zərifə Əliyevanın xoşbəxt ailə həyatı yeni qurulan gənc ailələr üçün ən gözəl nümunədir.
Sevindirici haldır ki, Ulu Öndərin ailə siyasəti bu gün də məqsədyönlü şəkildə davam etdirilir. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müasir Azərbaycan ailəsinin qarşılıqlı sevgi və ehtiram kimi yüksək dəyərlər üzərində qurulduğunu bütün dünyaya bir daha sübut edir.
Aprelin 29-da Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində gözəl bir ənənənin – yeni ailə quran gənclərin nikah mərasiminin keçirilməsi ənənəsinin bünövrəsi qoyulmuşdur.
Yeni ailə quran Şəki şəhəri sakinləri Tərlan Yusifov və Günel Hacıağazadə əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında qoyulmuş büstü önünə gül-çiçək düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra Mərkəzdə yeni ailə quran gənclərin nikah aktının imzalanması mərasimi olmuşdur.
Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova ailə dəyərlərinin qorunmasının vacibliyini qeyd etmiş, yeni ailə quran gənclərə sağlam və xoşbəxt ailə həyatı, sevinc və səadət dolu günlər arzulamışdır.
Şəhər icra hakimiyyəti adından bəylə gəlinə qiymətli hədiyyə təqdim olunmuşdur.
Yeni ailə quran gənclər Heydər Əliyev Mərkəzində keçirilən bu nikah mərasimini ailə həyatlarının ən xoşbəxt anı kimi hər daim xatırlayacaqlarını bildirmişlər.
Sonra yeni ailə quran gənclər Mərkəzin həyətində doğmaları ilə birgə rəqs etmiş, şənlənmişlər.