Aşağı Daşağıl kəndində səyyar qəbul-görüş
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 1-də Aşağı Daşağıl kəndinin sakinləri ilə görüşmüşdür. Görüşdə İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Kənd sakinləri çıxış edərək icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Sonra şəhər, qəsəbə və kəndlərimizdə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, ərazidəki həlli vacib məsələlərə toxunulmuşdur.
Kənd sakinləri Sədrəddin Əyyubov, Arif Məmmədov, Oruc İbrahimxəlilov və başqaları çıxış edərək kənddə iki ədəd artezian quyusunun qazılması, Şəki–Oğuz şossesindən Aşağı Daşağıl kəndinə gələn yolun əsaslı təmiri, kənddə yeni məktəb binasının tikilməsi və uşaq bağçası açılması, yararsız elektrik dirəklərinin və xətlərinin dəyişdirilməsi, EATS quraşdırılması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qaldırılan məsələlərin həlli istiqamətində ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, rayonda aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.