Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Tarixin canlı səhifələri” adlı gənclər festivalı keçirilmişdir

03 may 2014 | 15:00

Şəki şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Tarixin canlı səhifələri” adlı gənclər festivalı keçirilmişdir.
Gənclər və İdman Nazirliyi ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan və tarixi bərpa formatında təşkil edilən festivalın əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını özlərinin də oynadıqları kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani şəkildə çatdırmaq olmuşdur.
Festivalın keçirildiyi “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisindəki XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın içərisində, “Dairəvi məbəd”in həyətində təşkil edilən orta əsrlərə aid “Şərq bazarı” tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Bazarın bir tərəfində Şəki sənətkarları – dəmirçilər, dulusçular, misgərlər, silah düzəldənlər və başqaları “alıcı”lara hazırladıqları məhsulları təklif edir, digər tərəfdə qadınlar sacda yuxa, fəsəli bişirir, tacirlər satdıqları kəlağayı, ipək parça, kilim-palaz, xalça və toxuculuq mallarına təriflər yağdırırdılar. Sərin su satan uşaqların səs-küyü bazarı başına götürmüşdü. Bir sözlə, buradakı ab-hava əsl orta əsr bazarlarını göz önünə gətirirdi.
Sonra tədbir Şəki xanları sarayının qarşısındakı geniş meydanda teatrlaşdırılmış səhnəciklərlə davam etmişdir. Meydanda quraşdırılmış dekorasiyalar qədim tariximizin müxtəlif dövrlərini özündə əks etdirirdi. Tamaşaçıların diqqətinə çatdırılmışdır ki, bütün dünyada geniş yayılan tarixi bərpa hərəkatı bu günədək Azərbaycanda öz əksini tapmamışdır. Məhz bu formatda “Tarixin canlı səhifələri” gənclər festivalı ölkəmizdə ilk dəfədir ki, keçirilir.
Festival iştirakçılarına təqdim olunan səhnəciklər orta əsrlərdən günümüzə qədər olan tarixi dövrü əhatə etmişdir. Azərbaycanın tarixi qəhrəmanlarından olan Cavanşirin, müstəqilliyimiz uğrunda mübarizə aparan Babəkin, bütöv Azərbaycanı ilk dəfə vahid halda birləşdirən Şah İsmayıl Xətainin, məşhur Şəki xanı Hacı Çələbi xanın, Gəncənin müstəqilliyi uğrunda öz canından keçən Cavad xanın həyatı tələbə və aktyorlar tərəfindən canlandırılmışdır. Müxtəlif döyüş səhnələri, süvarilərin at belində göstərdikləri igidliklər tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Ümumiyyətlə, festivalda 200-ə yaxın tələbə iştirak etmişdir.
Festival çərçivəsində, həmçinin o dövrə xas olan mədəniyyət, məişət və ənənələr də geniş şəkildə təqdim olunmuşdur.
Gənclər festivalı atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər