Şəkidə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı keçirilir
Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı başlamışdır.
Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Bakı, Şəki, Yevlax şəhərlərini, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Ağcabədi, Ağdam, Ağstafa, Goranboy, Laçın və Xaçmaz rayonlarını təmsil edən 16 komanda iştirak edir. Bakı şəhəri festivalda “Sərhədçi” və “Polad” komandaları ilə təmsil olunmuşdur.
Mayın 3-də Atçılıq Mərkəzində festivalın təntənəli açılış mərasimi olmuşdur.
Mərasimdə qeyd olunmuşdur ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə 2006-cı ildə yaradılmış Respublika Atçılıq Turizm Mərkəzində 2007-ci ildən başlayaraq hər il may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı, dekabrda isə “Prezident Kuboku” uğrunda çövkən milli oyunu üzrə yarışlar keçirilir. Ənənəvi olaraq keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası, habelə ölkəmizdə atçılıq turizminin təbliği və inkişaf etdirilməsi məqsədi daşıyır.
Bildirilmişdir ki, yarışların coğrafiyası da ildən-ilə genişlənir, getdikcə daha kütləvi xarakter alır. İlk vaxtlar yarışlarda 6-8 komanda iştirak edirdisə, bu ilki festivalda komandaların sayı artıq 16-ya çatmışdır.
Qeyd olunmuşdur ki, mayın 7-dək davam edəcək festivalda komandalar çövkən, sürpapaq, papaq və yaylıq oyunları üzrə yarışacaqlar. Festival çərçivəsində iştirakçılar üçün çövkən oyunu üzrə ustad dərslərin keçirilməsi də nəzərdə tutulmuşdur.
Musiqi nömrələrindən sonra komandalar cəngi sədaları altında meydana daxil olmuşlar.
Sonra tamaşaçılar çövkən milli oyunu üzrə Şəki və Ağcabədi komandalarının oyununu izləmişlər. Maraqlı keçən oyun Ağcabədi komandasının qələbəsi ilə başa çatmışdır.
Bir gün əvvəl keçirilmiş seçmə oyunlarda isə aşağıdakı nəticələr qeydə alınmışdır: Yevlax-Goranboy - 3:0, Oğuz-Qəbələ - 1:0, İsmayıllı-Xaçmaz - 5:0, Qax-Zaqatala - 2:1, Ağcabədi-Yevlax - 2:0, Balakən-Oğuz - 3:1.
Çövkən milli oyunu üzrə final qarşılaşması və festivalın təntənəli bağlanış mərasimi mayın 7-də keçiriləcəkdir.