Şəki şəhərində rus bölməsinin abituriyentləri Azərbaycan dili fənni üzrə imtahan vermişlər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 4-də respublikanın 10 şəhər və rayonunda, o cümlədən Şəki şəhərində rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahan keçirmişdir.
Şəki şəhərində imtahan şəhər 8 №-li tam orta məktəbin binasında təşkil olunmuş, imtahan vermək üçün 357 nəfər abituriyent qeydiyyatdan keçmişdir. İmtahan saat 13.00-da başlanmış və saat 13.45-də başa çatmışdır. İmtahanlara nəzarətçi-müəllimlər nəzarət etmişlər.
Qeyd edək ki, Azərbaycan dili fənni üzrə keçirilmiş imtahanda “Elektron ərizə”lərini bu il aprelin 25-dək təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak etmişlər. “Elektron ərizə”lərini aprelin 25-dən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri Azərbaycan dili fənni üzrə iyulun 3-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.
İmtahanda abituriyentlərə Azərbaycan dili fənni üzrə 30 test tapşırığı təqdim edilmişdir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir etmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar müvafiq qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Mayın 4-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 3-də keçiriləcək növbəti imtahanda iştirak edə bilərlər.