Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı başa çatmışdır

08 may 2014 | 15:00

Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı başa çatmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 16 komanda mübarizə aparmışdır.
Mayın 7-də Atçılıq Turizm Mərkəzində festivalın təntənəli bağlanış mərasimi olmuşdur. Mərasimdən əvvəl tamaşaçılar festivalın əsas yarışı – çövkən milli oyunu üzrə final qarşılaşmasını izləmişlər. Final oyununda Ağcabədi komandası və Bakının “Sərhədçi” komandası qarşılaşmışlar. Rəqiblərini 5:0 hesabı ilə məğlub edən “Sərhədçi” komandası çövkən milli oyunu üzrə yarışın qalibi adını qazanmışdır. Bir gün əvvəl keçirilmiş üçüncü yer uğrunda oyunda isə Bakının “Polad” komandası Balakən təmsilçilərini 2:0 hesabı ilə məğlub etmişdir.
Festivalın proqramına daxil olan yaylıq oyunu üzrə yarışda Xaçmaz, papaq oyununda İsmayıllı, sürpapaq oyunu üzrə yarışda isə Ağstafa komandaları birinci yerləri tutmuşlar.
Mərasimin sonunda milli atüstü oyunlar festivalının qaliblərinə və iştirakçı komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplomları və pul mükafatları təqdim olunmuşdur. Mükafatlandırma mərasimində nazirliyin məsul nümayəndəsi Cavanşir Cəfərov, Şəki Şəhər İcra Hakimiyyətinin və Respublika Atçılıq Turizm Mərkəzinin rəsmiləri iştirak etmişlər.
Sonda festival iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur. Müraciətdə deyilir: “Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra xalqımızın yenidən sahib olduğu milli dəyərlər sırasında xalq milli oyunları ön cərgələrdə yer tutur. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev əcdadlarımızdan bizə miras qalmış zəngin maddi və mədəni irsə böyük diqqət və qayğı ilə yanaşmağı dönə-dönə tövsiyə etmiş, azərbaycançılıq ideologiyasının formalaşmasında bunların aparıcı amillər olduğunu hər zaman xatırlatmışdır.
Xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məhz Ulu Öndərin arzu və istəklərinin gerçəkləşdirilməsi zərurətindən irəli gəlir”.

Keçidlər