Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ-ın Azərbaycandakı səfiri Şəkiyə səfər etmişdir

06 oktyabr 2012 | 15:00

ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar Azərbaycanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində oktyabrın 5-də Şəkiyə gəlmişdir.
Səfər proqramına uyğun olaraq səfir Riçard Morninqstar şəhər icra hakimiyyətində şəhər rəhbərliyi ilə görüşmüşdür. Görüşdə ABŞ səfirliyi ilə Şəki şəhəri arasında əlaqələrin daha da genişlənməsində belə görüşlərin əhəmiyyəti xüsusi vurğulanmışdır. Səfirə Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, əhalinin əsas məşğuliyyəti, turizm potensialı barədə ətraflı məlumat verilmişdir.
Diqqətə çatdırılmışdır ki, bir neçə gün əvvəl Şəkinin yaranmasının 2700 illiyi böyük təntənə ilə qeyd olunmuşdur. Şəhərdə fəaliyyət göstərən “Şəki-İpək” ASC regionun ən böyük sənaye müəssisələrindəndir. Müəssisədə istehsal olunan ipək məmulatları dünyanın bir sıra ölkələrinə ixrac olunur. Şəki, həm də dünya əhəmiyyətli tarix-memarlıq abidələri ilə məşhurdur.
Səfir Riçard Morninqstar Azərbaycanda fəaliyyətə başladığı gündən Şəkiyə səfər etmək arzusunda olduğunu, hazırda bu şəhərdə olmağından məmnunluğunu bildirmişdir. Qonaq bu bölgəyə səfərin 4 gün davam edəcəyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, bu səfər qədim Şəki, eləcə də bu bölgə ilə daha yaxından tanış olmaq məqsədi daşıyır.
Səfir ABŞ-ın ölkəmizdəki Sülh Korpusu könüllülərinin fəaliyyətinə göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Görüşün sonunda səfir Riçard Morninqstara xatirə hədiyyəsi təqdim edilmişdir.
Səfər çərçivəsində ABŞ səfiri regionda fəaliyyət göstərən Sülh Korpusunun könüllüləri ilə görüşəcək, Çingiz Mustafayev adına klubda gənclərlə müzakirələr aparacaq, sənətkarlıq emalatxanalarına baş çəkəcək, Şəki halvasının hazırlanması prosesini izləyəcək, habelə Şəkinin tarixi-memarlıq abidələri ilə tanış olacaqdır.
 

Keçidlər