Faşizm üzərində qələbənin 69-cu ildönümü münasibətilə Şəkidə müharibə veteranları ilə görüş keçirilmişdir
Mayın 9-da İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 69-cu ildönümü münasibətilə Şəkidə müharibə veteranları ilə görüş keçirilmişdir.
Yuxarı Karvansaray mehmanxanasında keçirilən tədbirdə İkinci Dünya müharibəsi, Əfqanıstan müharibəsi veteranları, həmçinin şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qələbə günü münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etmişdir. Bildirilmişdir ki, İkinci Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının böyük töhfələri vardır. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş, yüz nəfərdən artıq azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Qeyd edilmişdir ki, müharibə veteranları bu gün xalqımızın ən əziz və hörmətli nümayəndələridir. Ulu öndər Heydər Əliyev daim veteranlara qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Həyata keçirilən mühüm əhəmiyyətli tədbirlər nəticəsində müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşdırılmışdır.
Tədbirdə çıxış edənlər müharibənin dəhşətlərindən danışmış, görüşün təşkilinə görə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova minnətdarlıqlarını bildirmişlər.
Sonra Əfqanıstan müharibəsində iştirak etmiş və Şəki şəhərində yaşayan bir qrup veterana “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirə yubiley medalı” təqdim olunmuşdur.
Bayram tədbirində şəhərimizin incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Bayram süfrəsi ətrafında keçirilən görüşün sonunda müharibə veteranlarına maddi yardım göstərilmişdir.