Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə evləri qəzalı vəziyyətdə olan sakinlər üçün tikilən çoxmənzilli yaşayış evi istifadəyə verilmişdir

10 may 2014 | 15:00

09 may 2014-cü il tarixdə Şəki şəhərində qəza vəziyyətində olan yaşayış evlərindən köçürülən sakinlər üçün inşa edilən 24 mənzilli yaşayış evi istifadəyə verilmişdir.
   Açılış mərasimində şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri və yeni binanın sakinləri iştirak etmişdir.
   Tədbirdə çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yeni yaşayış binasının istifadəyə verilməsinin Şəkinin həyatında olduqca əlamətdar hadisə olduğunu, qəza vəziyyətində olan yaşayış evlərindən köçürülən sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini vurğulamış, mənzil verilən ailələrə yeni ünvanlarda xoşbəxt və firavan həyat arzulamışdır.
    Qeyd olunmuşdur ki, şəhərin Nəriman Nərimanov küçəsində yerləşən binanın tikintisinə 2011-ci ilin sonunda başlanmışdır. Dövlət vəsaiti hesabına inşa edilən dördmərtəbəli yaşayış evindəki mənzillər iki və üç otaqlıdır. Tikinti işlərini “Əfqan” firmasının inşaatçıları tərəfindən yerinə yetirilmişdir.
    Tədbirdə çıxış edən sakinlər yaşayış evinin istifadəyə verilməsinin dövlətin vətəndaşlara olan xüsusi qayğısından irəli gəldiyini bildirmiş, göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə təşəkkür etmişlər.
   Sonra mənzillərin açarları sahiblərinə təqdim olunmuş, binaya baxış keçirilmişdir.

Keçidlər