Şəkidə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə möhtəşəm konsert təşkil olunmuşdur
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə mayın 9-da Şəki şəhərinin mərkəzi meydanında möhtəşəm konsert təşkil olunmuşdur.
Şəki Şəhər İcra Hakimiyyəti və "Kanal S" Regional Televiziya Şirkətinin təşkilatçılığı ilə keçirilən bayram konsertində şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, qonaqlar və şəhər sakinləri iştirak etmişdir.
Bayram konsertinə “Natiq” Ritm Qrupunun musiqili yürüşü ilə start verilmişdir. Yürüş Qafqazın ən böyük nağarasının sədaları altında başlamış və nəzərdə tutulmuş marşrut üzrə davam edərək şəhərin mərkəzi meydanında başa çatmışdır.
Konsert proqramına tanınmış şoumen Murad Dadaşov və Türkiyədən xüsusi dəvət olunmuş aktrisa Məlahət Abbasova aparıcılıq edirdi.
Əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək bütün ömrünü xalqının tərəqqisi və firavanlığına, yüksəlişinə həsr etmiş ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən bəhs etmiş, Ulu Öndərin Azərbaycan xalqının bütün tarixi ərzində yetişdirdiyi ən qüdrətli və parlaq şəxsiyyət olduğu xüsusi vurğulamışdır.
Bayram konserti Azərbaycanın tanınmış ifaçıları, eləcə də qonşu Türkiyədən gələn sənətçilərin bir-birindən maraqlı ifaları ilə davam etmişdir.
Konsertdə tanınmış ifaçıların çıxışları böyük alqışlarla qarşılanmışdir.