Şəki şəhərində əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirilmişdir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası may ayının 18-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün respublikanın 11 şəhərində, o cümlədən Şəki şəhərində I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirmişdir.
Şəki şəhərində imtahan fizika-riyaziyyat və humanitar təmayüllü liseyin binasında təşkil olunmuş, imtahan vermək üçün 701 nəfər abituriyent qeydiyyatdan keçmişdir. İmtahan saat 11:00-da başlanmış və saat 14:00-da başa çatmışdır. İmtahanlara nəzarətçi-müəllimlər nəzarət etmişlər.
Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 34 binada keçirilmişdir. İmtahanların idarə olunmasına 152 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1619 nəzarətçi-müəllim cəlb olunmuşdur. İmtahanda iştirak etmək üçün 18773 abituriyent qeydiyyatdan keçmişdir.
Xatırladaq ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı may ayının 11-də keçirilmişdir.