Şəki Şəhər İcra Hakimiyyətinin başçısı 90 yaşı bu il tamam olan müharibə veteranlarını qəbul etmişdir
Bu il İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 69-cu ildönümü qeyd olunur. Bu münasibətlə mayın 9-da Şəkidə müharibə veteranları ilə görüş keçirilmişdir. Bayram süfrəsi ətrafında keçirilən və şəhərimizin incəsənət ustalarının maraqlı konsert proqramı ilə müşayiət olunan görüşdə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Şəkidə yaşayan İkinci Dünya müharibəsi veteranlarından 6 nəfərinin bu il 90 yaşı tamam olur. Bu münasibətlə mayın 10-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov həmin veteranları qəbul etmişdir.
Qəbul zamanı şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yubilyarları təbrik etmiş, dövlət tərəfindən müharibə veteranlarının sosial müdafiəsinin daha da yaxşılaşdırılması sahəsində görülən işlərdən, Şəki şəhərində onlara göstərilən diqqət və qayğıdan söz açılmış, Şəki şəhərində aparılan abadlıq-quruculuq işləri barədə məlumat vermişdir. O, qəhrəmanlıq göstərərək Vətəni müdafiə etdiyi üçün müharibə veteranlarına təşəkkür etmiş, bunun indiki gənc nəslin nümayəndələri üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğulamışdır.
Müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, həmçinin şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda şəhər icra hakimiyyəti tərəfindən yubilyarlara pul mükafatı təqdim olunmuşdur.