Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Azərbaycan Memarlar İttifaqı katibliyinin səyyar iclası keçirilmişdir

22 may 2014 | 15:00

Mayın 20-də Şəki şəhərində Azərbaycan Respublikası Memarlar İttifaqı katibliyinin səyyar iclası keçirilmişdir.
“Şəki-Palas” otelində keçirilən tədbirdə Azərbaycan Memarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, memarlar, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan memarlarının layihələrinin nümayiş olunduğu sərgiyə baxmışlar.
Tədbiri Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə açaraq səyyar iclasın bu şəhərdə keçirilməsinin heç də təsadüfi olmadığını, Şəkinin Azərbaycanın ən qədim və bənzərsiz şəhərlərdən biri olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan xalqının, dövlətinin tarixinin bir hissəsi məhz bu şəhərlə bağlıdır. Şəkinin mədəniyyəti, zəngin memarlığı Azərbaycan memarlığında özünəməxsus yer tutur.
Hər dəfə bu şəhərə gələndə böyük yeniliklərlə qarşılaşdıqlarını diqqətə çatdıran Elbəy Qasımzadə Şəkidə qısa müddət ərzində çox böyük dəyişikliklərin baş verdiyini, şəhərin daha gözəl, abad və cəlbedici olduğunu xüsusi vurğulamışdır.
İdarə heyətinin sədri bildirmişdir ki, son illərdə bölgələrdə belə səyyar müşavirələr mütəmadi olaraq keçirilir. Ötən il Sumqayıt və Göygöl şəhərlərində belə görüşlərin reallaşdırıldığını bildirən E.Qasımzadə cari ildə ilk səyyar müşavirənin Şəkidə keçirildiyini, ilin ikinci yarısında bu təcrübənin Gəncə və ya Naxçıvanda davam etdiriləcəyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, bölgələrdə belə səyyar iclasların keçirilməsi, memarların Şəki kimi qədim, gözəl şəhərlərə üz tutması yerli memarlar, mütəxəssislər üçün olduqca faydalıdır. Onlar təcrübəli memarlardan öyrənir, məsləhətlər alır, fikir mübadiləsi aparırlar.
Gündəliyə uyğun olaraq əvvəlcə yerli memar Vidadi Lətifovun Azərbaycan Memarlar İttifaqının üzvlüyünə qəbul məsələsinə baxılmışdır.
Azərbaycan Memarlar İttifaqının məsul katibi Elçin Əliyevin təqdimatından sonra katibliyin üzvlərinin yekdil rəyi ilə Şəki Şəhər İcra Hakimiyyətində memar-dizayner kimi fəaliyyət göstərən Vidadi Lətifov Memarlar İttifaqına üzv qəbul edilmişdir.
Sonra Şəki Şəhər İcra Hakmiyyətinin başçsı Elxan Usubovun  “Şəkidə aparılan abadlıq-quruculuq işləri prosesində milli memarlıq üslubunun qorunub saxlanması” mövzusunda məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Şəki orta əsrlər Şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bənzəri olmayan bir şəhərdir. Şəkidə dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi vardır. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, son vaxtlar Şəki şəhərinin milli üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi istiqamətində böyük işlər görülmüş, şəhərin qədim tarixi binaları bərpa olunmuş, küçə və prospektlər, meydanlar, parklar yenidən qurulmuşdur.
Şəki şəhərində aparılan tikinti-quruculuq işlərinin yüksək səviyyədə yerinə yetirilməsini təmin etdiyinə görə Şəki Şəhər İcra Hakmiyyətinin başçsı Elxan Usubov Azərbaycan Memarlar İttifaqının fəxri fərmanı ilə mükafatlandırılmışdır.
İclasın sonunda Azərbaycan Memarlar İttifaqının “Tarixi irs” yaradıcılıq komissiyasının sədri Rizvan Bayramovun “Şəki şəhərinin tarixi hissəsinin qorunması və “Dünya irs” siyahısına daxil edilməsi məsələləri” barədə məlumatı dinlənilmişdir.

Keçidlər