Elbəy Qasımzadə: Müasir dövrün memarlığı şübhəsiz ki, müasir olmalıdır
Bu gün memarlıqda müasir tendensiyalar müşahidə olunur. Müasirlik sözünün özü memarlığın bugünkü əsas istiqamətini göstərir. Şübhəsiz ki, hər bir memarlıq abidəsi yaradıldığı dövrə məxsusdur. Bu baxımdan, müasir dövrün memarlığı da şübhəsiz ki, müasir olmalıdır.
Bu fikirləri Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə qurumun katibliyinin Şəkidə keçirilən səyyar iclasından sonra jurnalistlərə müsahibəsində söyləmişdir.
Tarixi abidələrin qorunub saxlanılmasının vacibliyinə toxunan Elbəy Qasımzadə demişdir: “Biz tarixi abidələrimizi mütləq qoruyub saxlamalı, onlara böyük hörmət və ehtiramla yanaşmalıyıq. Bu abidələri gələcək nəsillər üçün qoruyub saxlamalıyıq. Çünki gələcək nəsillər öz milliliyini, mədəniyyətini, tarixini bu abidələrdən öyrənəcəklər. Kitablarda yazılanlardan fərqli olaraq, abidələr gözlə görünürlər. Bu gün Mən Şəkiyə daxil olanda ürəyim fərəhlə doldu. Şəhərdə nə qədər gözəl binalar var. Bunların hamısı çox yaxşıdır. Amma bununla yanaşı, müasir memarlıq yalnız və yalnız müasir olmalıdır”.