Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri genişlənir
Mayın 22-də Azərbaycan Müəllimlər İnstitutunda başlanan “Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil, inkişaf” mövzusunda üçüncü Beynəlxalq elmi konfransda iştirak etmək üçün Azərbaycana gələn Fransanın ESPE Versal Akademiyası De Serj-Pontuaz Universitetinin professoru Jan-Pyer Şevalye bir gün əvvəl AMİ-nin Şəki filialında olmuşdur.
Filialın professor-müəllim heyəti və tələbələrlə keçirilən görüşdə bildirilmişdir ki, Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi, təhsildə də böyük uğurlara imza atılmışdır. Avropa təhsil məkanına inteqrasiya, inkişaf etmiş dövlətlərin zəngin təcrübəsinin öyrənilməsi və bundan məqsədyönlü şəkildə istifadə edilməsi daim diqqət mərkəzində saxlanılır. Son vaxtlarda dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər, islahatlar, təhsilin inkişafı üzrə dövlət strategiyası qazanılan uğurların davamlılığını şərtləndirir.
Qeyd olunmuşdur ki, Azərbaycan Müəllimlər İnstitutu pedaqoji kadrların hazırlanması, ixtisasının artırılması və təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərən bir ali təhsil ocağı kimi, bu istiqamətdə aparılan işlərdə yaxından iştirak edir. Qədim dövlətçilik tarixi olan Fransanın zəngin təhsil təcrübəsinin öyrənilməsi məqsədilə AMİ və bu ölkənin ESPE Versal Akademiyası De Serj-Pontuaz Universiteti arasında imzalanmış qarşılıqlı əməkdaşlığa dair müqaviləyə əsasən, son vaxtlar bu təhsil ocaqları arasında əlaqələr daha da genişlənmiş, qarşılıqlı təcrübə mübadilələri aparılmışdır.
Fransalı qonağa Şəkinin qədim tarixi, mədəniyyəti, abidələri barədə ətraflı məlumat verilmişdir.
Jan- Pyer Şevalye Fransa təhsil sisteminin mahiyyəti barədə danışmış, Şəki ilə bağlı xoş təəssüratlarını bildirmiş, müəllim və tələbələri maraqlandıran sualları cavablandırmışdır.
Görüşün sonunda fransalı qonağa Şəki ilə bağlı kitablar hədiyyə edilmişdir.