“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi Şəkidə “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirmişdir
Mayın 26-da Şəki şəhərində “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsi çərçivəsində keçirdiyi ikinci toplantıdır.
“Dəyirmi masa”nı giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Mayis Səlimov açaraq təmsil etdiyi bölgənin azad media dəyərlərinə həmişə böyük önəm verdiyini vurğulamışdır. M.Səlimov keçirilən “dəyirmi masa”nın son dərəcə zəruri məqsəd daşıdığını qeyd etmişdir. O demişdir ki, mətbuatda ana dilimizin qorunmasına həssas yanaşılması təkcə Azərbaycan dövlətinin deyil, eyni zamanda, ictimai təşkilatların da ümdə vəzifəsidir.
“Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsinin əlaqələndiricisi, “Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə mart-iyun aylarında gerçəkləşdiriləcək layihənin məqsədinin ölkənin mətbuat orqanlarında Azərbaycan ədəbi dilinin normalarının qorunması ilə bağlı meylləri müəyyənləşdirməkdən, mövcud problemlər barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etməkdən ibarət olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, bununla mediada ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının səmərəliliyini artırmaq, mənfi cəhətlərin aradan qaldırılmasında ictimai fəallığın yüksəldilməsinə dəstək göstərmək nəzərdə tutulur.
Bildirilmişdir ki, mətbu fəaliyyət dildən istifadə sahəsində ən spesifik məqam kimi diqqəti cəlb etməkdədir. Bu mənada kütləvi informasiya vasitələrində çalışanların ona xüsusi önəm verməsi mühüm əhəmiyyət daşıyır. Layihəmiz də bunun üçün bir çağırışdır, habelə dövlət miqyasında başlanılmış işə dəstəkdir.
Layihənin eksperti qismində çıxış edən “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamından sonra ölkədə ana dilinin işlədilməsi ilə bağlı məsələlərə kifayət qədər həssas yanaşılmağa başlandığını vurğulamışdır. Bildirmişdir ki, müvafiq istiqamətdə ictimai təşkilatların üzərinə də böyük missiya düşür. Bu mənada Azərbaycan Mətbuat Şurasının fəaliyyətini xüsusi qeyd etmək istərdim. Qurum ümumən fəaliyyətə başladığı ilk gündən mətbuatımızın bir çox problemləri ilə yanaşı, kütləvi informasiya vasitələrinin dil məsələlərinə də xüsusi diqqət yetirir. S.Verdizadə, eyni zamanda, demişdir ki, mətbuatımızda Azərbaycan ədəbi dilinin bütün sahələrinə aid çoxlu miqdarda pozuntu faktları müşahidə etmək mümkündür. Son onilliklərdə cəmiyyətimizin həyatında baş verən ciddi dəyişikliklərlə bağlı dilimizə külli miqdarda yeni alınma sözlərin daxil olması təbii və qanunauyğun haldır. Bu sözlərin çoxuna dilimizin təbii ehtiyacı vardır. Həm də onların böyük əksəriyyəti dünyanın, demək olar ki, bütün dillərində işlənən beynəlmiləl sözlərdir. Bununla belə, son vaxtlarda ədəbi dilimizdə geniş şəkildə işlənən öz sözlərimiz ola-ola zəruri ehtiyac duyulmadan onların əcnəbi qarşılığının nitqimizə nüfuz etməsinin də şahidi oluruq. S.Verdizadə ana dilinə riayət edilməsi sahəsindəki problemlərin qruplaşdırılmasının vacibliyini də vurğulamışdır.
Tədbirdə çıxış edənlərdən “Şəki” qəzetinin redaktoru Akif Salamov, Azərbaycan Dövlət Teleqraf Agentliyinin bölgə müxbiri Mustafa Dadaşov, “Zaqatala” qəzetinin baş redaktoru İbrahim İbrahimov, “Oğuz” qəzetinin baş redaktoru Nazim Hüseynli, “Şəki təhsili” qəzetinin baş redaktoru Bəşarət Süleymanov, Şəkidə fəaliyyət göstərən “Kanal S” telekanalının əməkdaşı Sahib Mehdiyev və başqaları “Zərdabi Mətbuat Mərkəzi” İB-nin layihəsinin əhəmiyyətindən söz açaraq mediada ana dilimizin qorunmasına yönələn təşəbbüslərə daim ehtiyacın duyulduğunu vurğulamışlar. Onlar dil məsələlərinə diqqət yetirilməsi üçün Azərbaycan Mətbuat Şurasının və digər əlaqədar təşkilatların üzərinə böyük missiyanın düşdüyünü önə çəkmişlər.