Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Şəkidə məcburi köçkünlər üçün salınmış qəsəbədə olmuşlar
Avropa Azərbaycan Cəmiyyətinin dəvəti ilə ölkəmizdə səfərdə olan Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri mayın 30-da Şəkidə olmuşlar.
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, dostluq qrupunun rəhbəri Kristofer Pinçerin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə parlamentin deputatları daxil olmuşdur.
Səfər çərçivəsində qonaqlar Şəki rayonunda məcburi köçkünlər üçün yeni salınmış “Çələbixan” qəsəbəsinə baş çəkmiş, burada məskunlaşan köçkün ailələrindən birinin qonağı olmuş, çay süfrəsi ətrafında səmimi söhbət etmişlər. Qonaqların diqqətinə çatdırılmışdır ki, 2012-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan bu qəsəbədə 423 məcburi köçkün ailəsi yaşayır.
Sonra nümayəndə heyəti qəsəbədə fəaliyyət göstərən məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, qəsəbədə, həmçinin uşaq bağçası, klub-icma mərkəzi, həkim məntəqəsi və poçt binası inşa edilmişdir.
Şəkiyə səfəri çərçivəsində Böyük Britaniya Parlamentinin nümayəndə heyəti şəhərin görməli yerlərini gəzmiş, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayı və XIX əsrə aid “Yuxarı Karvansaray” mehmanxana-kompleksi ilə tanış olmuşdur.