Şriftin ölçüsü :

Saytın rəngi :

“İpək Yolu” Şəki Beynəlxalq musiqi festivalına son hazırlıq işləri görülür

18 iyun 2014 | 15:00

Azərbaycanda keçirilən mədəniyyət tədbirləri arasında “İpək Yolu” Şəki Beynəlxalq musiqi festivalı parlaqlığı və rəngarəngliyi ilə seçilir.
Bu festival ildən-ilə daha böyük populyarlıq qazanır. Hər il festivalın proqramında iştirak etmək istəyən ölkələrin sayı artır. “İpək Yolu” Şəki Beynəlxalq musiqi festivalının qeyri-adiliyi ondan ibarətdir ki, onun konsertləri və tamaşaları açıq havada, tarixi memarlıq abidələri fonunda – Azərbaycanın qədim və gözəl guşələrindən birində keçirilir.
Bu il iyulun 1-dən 5-dək keçiriləcək festivalın 5 illik yubileyinə hazırlıq işləri aparılır. Festivalın builki iştirakçıları arasında “Böyük İpək Yolu” ölkələrinə, həmçinin türkdilli xalqlara üstünlük verilmişdir.
Hindistanın və Çinin böyük bədii kollektivləri festival iştirakçılarına və şəkililərə ənənəvi milli incəsənətin rəqs, vokal, xalq çalğı alətlərinin ifası, xor musiqisi, habelə ekzotik milli kostyumlar və qədim mərasimlərlə müşayiət olunan teatrlaşdırılmış konsertlərini nümayiş etdirəcəklər.
Festival iyulun 1-də Niyazinin məşhur “Rast” simfonik muğamının musiqisi əsasında hazırlanmış balet tamaşası ilə başlanacaqdır. Festivalın proqramı çərçivəsində TÜRKSOY-un hazırladığı “Defile”–11 türkdilli ölkənin milli kostyumlarının müxtəlifliyini, həmçinin musiqi nömrələrini əks etdirən böyük konsert təqdim ediləcəkdir.
Bundan əlavə, festivalın sonuncu günündə Rusiyadan Sankt-Peterburq “Ermitaj” simfonik orkestrinin bayram konserti gözlənilir. Yeddi ölkədən gəlmiş rəssamlar festival təəssüratlarını öz tablolarında canlandıracaqlar. Onların içərisində Şimali Kipr, Makedoniya və Monteneqrodan olan qonaqlar ilk dəfə bu festivalda iştirak edəcəklər.
İstanbulun tanınmış “Modern folk topluluğu” maraqlı proqramla çıxış edəcəkdir.
Təbiidir ki, festivalın ev sahibi kimi bizim musiqi kollektivləri də kənarda qalmayacaqlar. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə yanaşı, qədim musiqi alətləri ansamblı, Marionet Teatrı, habelə “Ermitaj” simfonik orkestri ilə birgə çıxış edəcək Azərbaycan vokalçıları öz məharətlərini göstərəcəklər.
“Evrovision” mahnı müsabiqəsinin qaliblərinin və iştirakçılarının konserti festivalın yeniliyi olacaqdır. Bu konsert festivalın əhval-ruhiyyəsinə yeni emosiyalar və ritmlər gətirəcəkdir.
“İpək Yolu” Şəki Beynəlxalq musiqi festivalı Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olmaqla, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Milli İrsinə Dəstək Fondunun dəstəyi ilə keçirilir.

Keçidlər