Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil Nazirliyinin Şəkidə keçirdiyi zona seminarında fənn kurikulumlarının tətbiqi ilə bağlı məsələlər müzakirə olunmuşdur

21 iyun 2014 | 15:00

Təhsil Nazirliyinin təşkilatçılığı ilə iyunun 20-də Şəki şəhərində “Fənn kurikulumlarının tətbiqi (Müvəffəqiyyət və perspektivlər)” mövzusunda zona seminarı keçirilmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Şəki şəhəri, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarının təhsil şöbələrinin müdirləri, metodiki kabinetlərin rəhbərləri, müəllimlər, valideynlər, Azərbaycan Müəllimlər İnstitutunun Şəki və Zaqatala filiallarının tələbələri, təhsil ekspertləri, təlimçilər və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov açaraq seminarın bu bölgəni əhatə edən rayonlarda kurikulum islahatları və fənn kurikulumlarının tətbiqi ilə bağlı mövcud vəziyyəti öyrənmək, bununla bağlı müəllimlərin, təlimçilərin fikirlərini eşitmək məqsədi daşıdığını bildirmişdir. Kurikulumla bağlı dərketmədə müəyyən problemlərin olduğunu, müəllimlərin bəzən bu anlayışın çətinliyindən qorxduqlarını vurğulayan nazirliyin təmsilçisi, seminarın dialoq mühitində keçirilməsinin vacibliyini qeyd etmiş, iştirakçıları müzakirələrdə fəallıq göstərməyə çağırmışdır.
Seminarda Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovun “Fənn kurikulumlarının mahiyyəti” mövzusunda təqdimatı dinlənilmişdir. Bildirilmişdir ki, məktəblərdə məzmun islahatları 2008-2009-cu dərs ilindən tətbiq olunmağa başlanmışdır. Müəllimlər, məktəb rəhbərləri kurikulum barədə artıq kifayət qədər məlumatlıdırlar. Şöbə müdiri bildirmişdir ki, cəmiyyətdə belə bir meyl yaranmışdır ki, yeni yanaşmalar əsasında hazırlanan məzmun heç də, həmişə müəllimlər tərəfindən birmənalı qəbul olunmur. Bu işdə müəyyən çətinliklərin olduğu qeyd edilir. Bu çətinlikləri aradan qaldırmaq üçün yerlərdə maarifləndirmə tədbirlərinin, məktəb rəhbərləri və müəllimlər üçün təlimati seminarların, “dəyirmi masa”ların keçirilməsi çox vacibdir. Vurğulanmışdır ki, Təhsil Nazirliyi bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir.
Bildirilmişdir ki, “kurikulum” anlayışı Azərbaycanın pedaqoji terminologiyasına ötən əsrin 90-cı illərinin sonlarında daxil olmuşdur. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.
Təqdimat zamanı seminar iştirakçılarına əsas pedaqoji anlayışlar, o cümlədən məzmun standartı, təlim strategiyaları, qiymətləndirmə standartı, tədris vahidi, resurs və dəyərlər, şagird nailiyyəti və digər məsələlər barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması, dünya təhsil sisteminə inteqrasiya, informasiya əsrinin tələbləri, təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması və digər məsələlər kurikulum islahatlarını zəruri edən səbəblərdir.
Təhsil eksperti, Əməkdar Müəllim Asif Cahangirovun “Kurikulum və müasir təhsil sistemi” mövzusunda təqdimatından sonra mövzu ilə bağlı müzakirələr aparılmışdır.
Müzakirələrdən sonra müəllim və təlimçilərin kurikulum barədə təqdimatları dinlənilmiş, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Seminar iştirakçıları və media nümayəndələri günün ikinci yarısında 100-dən artıq yaşı olan ümumtəhsil məktəblərinin tanıdılması kampaniyası çərçivəsində bölgənin ən qədim məktəbi, 1831-ci ildən fəaliyyət göstərən Şəki şəhərindəki 5 nömrəli tam orta məktəbi ilə tanış olmuşlar. Daha sonra bu təhsil ocağında Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov ilə görüş keçirilmişdir.

Keçidlər