Şriftin ölçüsü :

Saytın rəngi :

Firəngiz Əlizadə: Biz yenidən Şəkidə “İpək Yolu” festivalının dinamik və parlaq hadisələrlə dolu zəngin mühitini yaşayırıq

02 iyul 2014 | 15:00

Bu il bizim festivalımız öz yubileyini – beş illiyini qeyd edir. Uğurla keçirdiyimiz IV “İpək Yolu” festivalından sonrakı bu bir il hiss olunmadan ötdü və biz yenidən Şəkidə “İpək Yolu” festivalının dinamik, parlaq hadisələrlə zəngin mühitini yaşayırıq.
Bu fikirləri Şəki “İpək Yolu” V Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festivalın açılışı günündə jurnalistlərə müsahibəsində bildirmişdir.
Festivalın bədii rəhbəri demişdir: “Ötən festivalda Qara Qarayevin “Yeddi gözəl” baletinin açıq havada nümayişinin şəkililər və qonaqlar heyranlıqla qarşılanmasından ilhamlanaraq, biz bu dəfə festivalı yeni bir tamaşa – Azərbaycan musiqisinin şedevri olan Niyazinin “Rast” simfonik muğamı əsasında səhnələşdirilmiş balet tamaşası ilə açdıq. Simfonik orkestrin ifası festivalın başlanğıcı və finalı arasında özünəməxsus körpü rolunu oynayır. Builki festivalda ilk dəfə Rusiyanın məşhur kollektivi – Sankt-Peterburqun “Ermitaj” simfonik orkestri klassik musiqi əsərlərinin parlaq ifası ilə dinləyicilərə zövq verəcəkdir.
Festivalın daha bir yeniliyinin Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşasının nümayişi ilə bağlı olduğunu vurğulayan Firəngiz Əlizadə “İpək Yolu”nun marşrutunun bu dəfə Hindistan və Çin kimi ekzotik ölkələrdən keçəcəyini, Azərbaycanın qədim musiqi alətləri ansamblının ecazkar ifalarının, “Eurovision” mahnı müsabiqəsinin qaliblərinin və iştirakçılarının gənclik təravətli, müasir ritmli çıxışlarının festivalın palitrasını yeni çalarlarla zənginləşdirəcəyini, İstanbulun məşhur ansamblı – Modern Folk Müzik Topluluğunun maraqlı konsert proqramı ilə tamaşaçıları sevindirəcəyini bildirmişdir.

Keçidlər