“İpək Yolu” V Beynəlxalq musiqi festivalında İstanbul Modern Folk Müzik Topluluğunun konserti maraqla qarşılanmışdır
İyulun 2-də Şəki “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində İstanbul Modern Folk Müzik Topluluğunun konserti olmuşdur.
Şəki şəhərindəki Yay teatrında keçirilən konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, Türkiyənin və festivala dəvət olunmuş digər xarici ölkə səfirliklərinin nümayəndələri, musiqisevərlər iştirak etmişlər.
Konsertdən əvvəl məlumat verilmişdir ki, İstanbul Dövlət Modern Folk Müzik Topluluğu 1993-cü ildə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmışdır. Kollektivin əsas məqsədi qədim türk musiqi ənənələrini, xalq mahnı və rəqslərini müasir tərzdə, zəngin səs çalarları və yeni aranjimanla dinləyicilərə çatdırmaq və təbliğ etməkdir.
Nazirliyin təşəbbüsü və dəstəyi ilə kollektiv Türkiyədə və onun hüdudlarından kənarda uğurla çıxış edərək türk musiqi sənətini layiqincə təmsil edir. Topluluq bir çox ölkələrdə - Almaniya, Fransa, İngiltərə, Tunis, Bosniya və Herseqovina, Şimali Kiprdə və digər ölkələrdə keçirilən beynəlxalq musiqi festivallarında maraqlı konsert proqramları ilə çıxış etmişdir. Kollektivin repertuarına türk xalq mahnı və oyun havaları ilə yanaşı, klassik türk musiqisi və dünya xalqlarının tanınmış musiqi əsərləri də daxil edilmişdir.
Konsert proqramı solistlərin 16 nəfərlik musiqiçi qrupunun müşayiəti ilə yüksək peşəkarlıqla ifa etdikləri Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Ay qız” mahnısı ilə başlanmışdır. Konsertdə ifa olunan türk pop və xalq sənəti musiqisi, həmçinin Azərbaycanın xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanmışdır.
Konsert proqramı başa çatdıqdan sonra Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əhməd Arslan çıxış edərək ölkəsinin musiqi, rəqs və folklor kollektivlərinin Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq musiqi festivalına artıq üçüncü ildir dəvət aldıqlarını və bu musiqi bayramında böyük sevinclə iştirak etdiklərini bildirmiş, festivalın işinə uğurlar arzulamışdır.
Konsertin sonunda şəhər icra hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim olunmuşdur.