Şəkidə “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində TÜRKSOY rəssamlarının sərgisi açılmışdır-
Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 2-də “Yuxarı Karvansaray” mehmanxana kompleksində TÜRKSOY rəssamlarının sərgisi açılmışdır.
Tədbirin əvvəlində sərginin açılışını bildirən rəmzi qırmızı lent kəsilmişdir.
Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək uğurla davam edən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirmişdir ki, on yeddi il ərzində türk dünyasının müxtəlif ölkələrinin ev sahibliyi etdiyi XVII “TÜRKSOY- Rəssamlar görüşü” ilk dəfə olaraq Azərbaycanda- Şəki şəhərində gerçəkləşdirilir. Tarixi İpək Yolunun mərkəzlərindən olan Şəki şəhərində türk dünyasının 14 ölkəsini təmsil edən 17 rəssam bir araya gələrək iki həftə ərzində öz yaradıcılıqlarını davam etdirmişlər. Baş katib bildirmişdir ki, bu sərginin bir özəlliyi də ondadır ki, onun açılışı çox əlamətdar bir vaxta - “İpək Yolu” V Beynəlxalq musiqi festivalının keçirildiyi günlərə təsadüf edir.
Qeyd olunmuşdur ki, festival çərçivəsində təşkil edilən bu sərgidə TÜRKSOY rəssamlarının Şəkidə olduqları müddətdə çəkdikləri rəsm əsərləri nümayiş etdirilir. Bu rəsmlərdə Şəkinin təbiət gözəllikləri, tarixi abidələri, sakinləri, sənətkarları, sadə insanları əks olunmuşdur. Bu əsərlərin bir qismi festivalda nümayiş etdirildikdən sonra şəhər icra hakimiyyətinə hədiyyə olunacaq, digər qismi isə TÜRKSOY-un kolleksiyasını zənginləşdirəcəkdir.
Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olmuşlar.
Bakıdan dəvət olunmuş rəqs qrupunun təqdim etdiyi türk xalqlarının rəqslərindən ibarət konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Tədbirin sonunda sərgidə iştirak edən hər bir rəssama TÜRKSOY-un sertifikatları və şəhər icra hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.