Hindistanın mahnı və rəqs qrupunun festivaldakı çıxışı böyük rəğbətlə qarşılanmışdır
Şəhərimizdə uğurla davam edən “İpək Yolu” V Beynəlxalq musiqi festivalının ikinci günü axşam “Aşağı Karvansaray” kompleksində tamaşaçılara Hindistanın mahnı və rəqs qrupunun ifasında qədim musiqi nümunələri və rəqslərdən ibarət maraqlı konsert proqramı təqdim olunmuşdur.
Festivalın təşkilatçı qurumlarının rəhbərlərinin, TÜRKSOY-un təmsilçilərinin, xarici ölkələrin səfirliklərinin nnümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi konsertin birinci hissəsində tamaşaçılar hind raqası Quru Madhub Mudqalın rəhbərlik etdiyi ansamblın çıxışını izləmişlər.
Azərbaycan və Hindistan ənənəvi musiqi mədəniyyətlərinin ümumi kökləri, onların ümumşərq musiqi mədəniyyəti məcrasında inkişafı Azərbaycan muğamı və hind raqasında bariz şəkildə özünü göstərir. Ansamblın tərkibinə vokalçılar və hind fleytası, tabla, sitar, tampur və fişqarmon alətlərinin ifaçıları daxildir. Konsertdə ilk dəfə olaraq çox nadir hallarda ifa edilən ənənəvi hind aləti - esrac səsləndirilmişdir.
Konsertin ikinci hissəsində tamaşaçılara Hindistanın “Nrityarupa” rəqs qrupunun ifasında hind rəqsinin əlvan libaslı rəqs mozaikası - “baxaratanatyam”, “katxak”, “odissi”, “manipuri”, “katxakali” və “çxau” rəqsləri təqdim olunmuşdur. “Bxaratanatyam” tarixi sənədlərdə yaşı 5 min ildən artıq olan teatr rəqsinin ən qədim növüdür. “Katxak” klassik hind rəqs üslublarından biridir. Bu rəqsin ilk ifaçıları məbəd rəvayətçiləri olmuşlar. Onlar rəqs dili ilə qədim mifoloji süjetləri təsvir etmişlər. “Odissi” hind rəqsinin səkkiz klassik üslubundan biridir. “Manipuri” klassik hind rəqslərindən biri olaraq Krişna və onun sevgilisinin şərəfinə ifa edilir. Bu zərif və nikbin rəqs Hindistanda çox sevilir. “Katxakali” XVII əsrdə yaranmış ənənəvi dramatik rəqs sənətidir. Rəqslərin süşetləri qədim hind eposlarından götürülmüşdür. “Çxau” mənşəyini hərb sənətindən almış rəqs üslubudur.
Qrupun üzvlərinin ifa etdikləri bir-birindən maraqlı hind rəqsləri tamaşaçılarən böyük marağına səbəb olmuşdur.
Konsertin sonunda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi təqdim edilmişdir.