Şriftin ölçüsü :

Saytın rəngi :

“İpək Yolu” festivalı çərçivəsində qədim musiqi alətləri ansamblının konserti olmuşdur

04 iyul 2014 | 15:00

Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı artıq üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir.
Iyulun 3-də Azərbaycan memarlığının nadir incisi, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayının həyətində Azərbaycan Dövlət qədim musiqi alətləri ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində 1996-cı ildən fəaliyyət göstərən bu ansamblın yaradılmasının təşəbbüskarı, yaradıcısı və ömrünün sonunadək bədii rəhbəri Xalq Artisti, professor Məcnun Kərim olmuşdur. Ansamblın bənzərsiz cəhəti onun tərkibinə daxil olan musiqi alətlərinin orta əsrlərdə Azərbaycanda istifadə olunan və sonralar tamamilə unudulan qədim musiqi alətlərindən – çəng, çəqanə, bərbət, səntur, rud, rübab, Şirvan tənburu, çoğur, qanun, qopuz, nüshə, dümbək, neydən ibarət olmasıdır. Bu alətlərdə musiqiçilər XIV əsr musiqisini, həmçinin Azərbaycan xalq və bəstəkar mahnılarını ifa edirlər. Ansamblın 14 nəfərdən ibarət üzvləri o dövrə aid milli geyimlərdə çıxış edirlər.
Qədim musiqi alətləri ansamblı uzun illərdir Azərbaycanın musiqi mədəniyyətini ölkə daxilində, eləcə də beynəlxalq səviyyədə layiqincə təmsil edir. Ansambl 1997-ci ildə Şotlandiyanın Edinburq şəhərində keçirilən beynəlxalq simpoziumda, 1998-ci ildə Melburn (Avstraliya) və Parisdə keçirilən konfranslarda, 2002-ci ildə Fransada orta əsr musiqisinə həsr olunmuş festivalda, həmin ildə Strasburqda, UNESCO-nun Parisdəki iqamətgahında keçirilən tədbirlərdə iştirak etmişdir. Bundan əlavə, ansambl 2005-ci ildə Düşənbədə keçirilən “Qəlblərin səsi” Beynəlxalq festivalda, Qazaxıstan, Türkiyə, Küveyt, Qətər, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Almaniya, Avstriya, Macarıstan və Rusiyada keçirilən konfrans, festival və konsertlərdə iştirak etmiş, diplomlara layiq görülmüşdür.
Ansamblın bədii rəhbəri, Əməkdar Artist Munis Şərifov həm də kamança, çəqanə, ney, kaman alətlərinin mahir ifaçısı kimi tanınır.
Ansamblın solistləri, əməkdar artistlər Nuriyyə Hüseynova və Teyyub Aslanovun, gənc xanəndə Samir Əliyevin ifa etdikləri qədim musiqilər, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Konsertin sonunda şəhər icra hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilmişdir.

Keçidlər