Şriftin ölçüsü :

Saytın rəngi :

İsrail ilə Azərbaycan arasında əlaqələr müxtəlif sahələr üzrə uğurla inkişaf etdirilir

05 iyul 2014 | 15:00

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz iyulun 4-də Şəkidə olmuşdur.
Həmin gün səfir Rafael Harpaz Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşmüşdür. Şəhər icra hakimiyyətində keçirilən görüşdə İsrail səfirliyi ilə əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdirildiyi bildirilmiş, əməkdaşlığın perspektivlərinə toxunulmuşdur.
Qeyd olunmuşdur ki, hazırda İsrail şirkətlərinin layihəsi əsasında Şəkidə hind toyuğu əti istehsal edəcək iri quşçuluq kompleksinin yaradılması istiqamətində layihələndirmə işləri aparılır. Qonağın diqqətinə çatdırılmışdır ki, artıq dördüncü gündür Şəkidə “İpək Yolu” Beynəlxalq musiqi festivalı keçirilir. Festivalda dünyanın bir sıra ölkələrindən folklor, rəqs və musiqi kollektivləri iştirak edirlər. Qeyd olunmuşdur ki, iyulun 20-də Şəki daha bir beynəlxalq tədbirə - milli şirniyyat festivalına ev sahibliyi edəcəkdir.
İsrail ilə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla davam etdirildiyini vurğulayan səfir Rafael Harpaz regiona budəfəki səfərinin mövcud münasibətləri daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirmişdir. Səfir təmsil etdiyi ölkənin müvafiq qurumlarının Şəki ilə gələcəkdə turizm sahəsində də əməkdaşlığın yaranmasında maraqlı olduqlarını diqqətə çatdırmışdır.
Görüşün sonunda tərəflər qarşılıqlı şəkildə bir-birinə xatirə hədiyyələri təqdim etmişlər.

Keçidlər