Bakı Marionet Teatrı “İpək Yolu” festivalında “Arşın mal alan” tamaşasını göstərmişdir
Uğurla davam edən “İpək Yolu” V Beynəlxalq musiqi festivalının dördüncü günündə Sabit Rəhman adına Şəki Dövlət Dram teatrında tamaşaçılara Bakı Marionet Teatrının Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşa təqdim olunmuşdur.
Builki yubiley festivalı janr müxtəlifliyi baxımından da əvvəlkilərdən fərqlənir. Tamaşaçılar və festivala dəvət olunmuş qonaqlar əvvəlki günlərdə Azərbaycan musiqisinin şedevri olan Niyazinin “Rast” simfonik muğamı əsasında səhnələşdirilmiş balet tamaşasına baxmış, TÜRKSOY rəssamlarının sərgisi ilə tanış olmuş, Hindistanın mahnı və rəqs qrupunun, İstanbul Modern Folk Müzik Topluluğunun və Azərbaycan Dövlət qədim musiqi alətləri ansamblının ecazkar ifalarını izləmişlər. TÜRKSOY-un hazırladığı türkdilli ölkələrin milli geyimlərindən ibarət defilə festival iştirakçılarına xüsusilə böyük zövq vermişdir.
Tamaşaçılara təqdim olunan “Arşın mal alan” tamaşası Bakı Marionet Teatrının marionet-kuklaları ilə canlandırılmışdır. Tamaşaya başlamazdan əvvəl teatrın fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, teatr 1980-ci illərin ortalarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə yaranmışdır. “Arşın mal alan” musiqili komediyasının seçilməsi teatrın gələcək simasını müəyyənləşdirmişdir. Bu ölməz əsər marionet tamaşası kimi ilk dəfə 1990-cı ildə Fransanın Karpantra şəhərində göstərilmişdir. Tamaşanın ilk Bakı premyerası isə 2011-ci ildə gerçəkləşmişdir. Ötən müddətdə bu tamaşa dünyanın müxtəlif ölkələrində - Fransa, ABŞ, Rusiya, Polşa, Almaniya, İsveçrə və digər ölkələrdə uğurla nümayiş etdirilmişdir
Bildirilmişdir ki, Bakı Marionet Teatrı hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun nəzdində fəaliyyət göstərir.
Uğurla başa çatan tamaşanın sonunda kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim olunmuşdur.