Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə cari ilin doqquz ayının yekunları müzakirə edilmişdir

20 oktyabr 2012 | 15:00

Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən irəli gələn məsələlər və cari ilin 9 ayında rayonda görülmüş işlər Şəki Şəhər İcra Hakimiyyətində keçirilən fəallar yığıncağında geniş müzakirə olunmuşdur.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində qeyd olunmuşdur ki, 2012-ci ilin doqquz ayında rayonda ilkin hesablamalara görə, 295 milyon manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz çoxdur. Doqquz ayda əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 202,5 milyon manat olmuşdur. Bu müddətdə rayonda istehsal və qeyri istehsal sahələrinin inkişafına yönəldilmiş investisiyaların ümumi məbləği 77 milyon 896 min manat təşkil etmişdir. Bu, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 69 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 88,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. İlin doqquz ayında rayonda 967 daimi iş yeri açılmışdır.
Məruzədə bildirilmişdir ki, hesabat dövrü rayonun sosial-iqtisadi və mədəni həyatı üçün Azərbaycan Prezidenti İlham Əliyevin, habelə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və xanımının Şəkiyə səfərləri ilə yaddaqalan olmuşdur. Dövlətimizin başçısı sentyabrın 9-da rayona səfəri zamanı 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin, taxıl anbarı və dəyirman kompleksinin, “Shaki Palace” otelinin açılışında iştirak etmiş, M.F.Axundzadənin adını daşıyan mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur. Səfər çərçivəsində Şəki şəhərində Heydər Əliyev Mərkəzinin təməlinin qoyulması münasibət ilə mərasim də keçirilmişdir. Bu ərazidə, həmçinin Heydər Əliyev parkı, Bayraq Meydanı və Şəhər İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisi də nəzərdə tutulur.
Sözü gedən müddət ərzində Şəkidə görkəmli maarifçi və ictimai xadim M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş bayram tədbirləri keçirilmiş, ilk dəfə olaraq “Şəhər günü” qeyd olunmuşdur.
Məruzəçi bildirmişdir ki, doqquz ayda rayonda məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə rekord miqdarda - 256 min ton taxıl istehsal edilmişdir.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayan məruzəçi yeni dərs ilinin ilk günündə Şorsu kəndində 360, Cələbi Xan qəsəbəsində isə 180 şagird-yerlik yeni məktəb binalarının tikilib istifadəyə verildiyini, şəhər 5 nömrəli tam orta məktəb üçün inşa edilən 320 şagird-yerlik tədris korpusunun tikintisinin artıq başa çatdığını bildirmişdir. Qeyd olunmuşdur ki, zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş şəhər 12, 14 və 17 nömrəli məktəblər üçün hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni binaların tikintisi davam etdirilir. Eyni zamanda, dövlət vəsaiti hesabına Əliyar kəndində 80 şagird yerlik yeni məktəb binası tikilir.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərə toxunan məruzəçi ötən müddətdə 805 abonentin təbii qazla təmin edildiyini, rayon üzrə qaz istifadəçilərinin ümumi sayının 18 min 672 abonentə çatdırıldığını bildirmişdir.
İclasda, həmçinin əhalinin elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər barədə danışılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
 

Keçidlər