Çin mahnı və rəqs ansamblı Azərbaycanda ilk dəfə geniş konsert proqramı ilə çıxış etmişdir
Şəki “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 4-də axşam “Aşağı Karvansaray” kompleksində Çin mahnı və rəqs ansamblının konserti olmuşdur.
Festivalın təşkilatçı qurumlarının rəhbərlərinin, xarici ölkə səfirliklərinin nümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi konsertdə çinli ifaçılar tamaşaçılara “Çin – müxtəlif rənglər işığında” adlı proqram təqdim etmişlər.
Konsertin əvvəlində kollektivin rəhbəri Jan Ya Fonq çıxış edərək bu gözəl musiqi festivalına dəvət aldıqlarına görə təşkilatçılara təşəkkür etmiş, belə bir gözəl ölkəyə gəlmələrindən böyük şərəf duyduqlarını bildirmişdir.
Qeyd edək ki, Çin opera teatrı özündə musiqi, dialoq, oxuma sənəti, rəqs, akrobatika və hərb sənəti elementlərini üzvi şəkildə birləşdirir. İfaçılar ənənəvi qayda-qanunlara ciddi surətdə riayət etməlidirlər. Çin operasında vaxt və məkan məhdudiyyəti qoyulmur, şərtiliklər və rəmzlərdən geniş tərzdə istifadə olunur. Əksər hallarda müəyyən bölgənin musiqisi və dialektinə istinad edilir. Bu sənət özünün yetkinlik və kamillik zirvəsinə orta əsrlərdə çatmış və bir çox görkəmli aktyor nəsillərinin məharəti hesabına bu günədək inkişaf etmişdir. Bu teatr indi də cilalanmış xüsusi vokal, rəqs və hərb sənəti elementləri ilə məşhurdur.
Ansamblin tərkibinə Çin opera və balet teatrının solistləri, instrumental ifaçılar, xor kollektivinin üzvləri və rəqqaslar daxildirlər. Vokal və rəqsləri əsas zərb aləti olan qonq və müxtəlif ölçülü barabanlar müşayiət edir. Əsas simli alət “tsinxu” (Pekin violinosu) adlanır. Ona “erxu” adlı ikinci violino avaz verir. Nəfəsli alətlər arasında çin fleytası və “şen” adlanan dodaq qarmonikasını qeyd etmək olar.
Çin opera teatrı dövlət teatrıdır və Mədəniyyət Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. Teatrda, həmçinin milli geyimlər, dekorasiya və digər ənənəvi səhnə atributlarını istehsal edən yaradıcı studiyalar fəaliyyət göstərir. Teatr uzun illər ərzində həm ölkə daxilində, həm də xaricdə böyük mədəni layihələrdə iştirak etmişdir. Teatrın aktyorlarının əksəriyyəti milli və beynəlxalq müsabiqələrin qalibldirlər. Kollektiv ABŞ, Almaniya, İsveçrə, Rusiya, Yaponiya, Avstraliya və digər ölkələrdə çıxış etmişdir.
Azərbaycanda ilk dəfə çıxış edən ansamblın təqdim etdiyi proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.