Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü Şəkidə təntənə ilə qeyd olunmuşdur

23 oktyabr 2012 | 15:00

Şəki şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
YAP rayon təşkilatının fəalları və qonaqlar əvvəlcə partiyanın memarı və yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri YAP Şəki rayon təşkilatının sədri Həsən Həsənov açaraq iqtidar partiyasının yaranma tarixinə geniş nəzər salmış, zamanın çətin sınaqlarından çıxmış Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin intellektual təbəqələrini birləşdirdiyini xüsusi vurğulamışdır.
Qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyasının siyasi yönümü Azərbaycan dövlətçiliyinə, ümummilli liderimiz, partiyanın yaradıcısı Heydər Əliyevə, onun siyasi ideyalarının təntənəsinə və respublikamızın tərəqqisinə sədaqətdir. İqtidar partiyası olaraq YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür.
Diqqətə çatdırılmışdır ki, Yeni Azərbaycan Partiyasının ən fəal və sadiq dəstəsi olan Şəki təşkilatı 1993-cü ilin martında təsis edilmişdir. 102 ərazi ilk partiya təşkilatını özündə birləşdirən təşkilatın 9660 nəfər üzvü vardır. Üzvlərin 4562 nəfərini qadın, 3870 nəfərini isə gənclər təşkil edirlər. Təşkilatın nəzdində qadınlar şurası və gənclər birliyi fəaliyyət göstərir. YAP üzvləri rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında olduqca fəal rol oynayırlar. YAP-ın 20 illiyi ərəfəsində partiyaya axın daha da çoxalmışdır. Son vaxtlarda partiya sıralarına 500 nəfərə yaxın gənc daxil olmuşdur.
Yubiley tədbirində AMEA Tarix İnstitutunun direktoru, YAP Siyasi Şurasının


üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov və şəhər icra hakimiyyətinin
başçısı Elxan Usubov çıxış edərək ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan bəhs etmiş, qazanılan uğurlarda partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulamışlar. Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan dövlətinin son 20 illik inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Bu gün öz sıralarında 550 mindən artıq üzvü birləşdirən YAP ulu öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti iqtidar partiyasına olan ümumxalq inamını daha da genişləndirmiş, onu ümumxalq partiyasına çevirmişdir.
Sonra YAP Şəki təşkilatının fəallarına yubileylə bağlı xatirə hədiyyələri, həmçinin partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Yubiley mərasimi respublikanın tanınmış incəsənət ustalarının rəngarəng konsert proqramı ilə davam etmişdir.
 

Keçidlər