Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur

19 iyul 2014 | 15:00

İyulun 18-də Şəki Şəhər İcra Hakimiyyətində 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirildi.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində cari ilin birinci yarısında rayonda faktiki qiymətlərlə 143 milyon 81 min manatlıq məhsul istehsal olunduğu, adambaşına 795 manatlıq məhsul buraxıldığı, pərakəndə əmtəə dövriyyəsinin ötən ilin eyni dövrünə nisbətən 4,5 faiz artaraq 144 milyon 368 min manat təşkil etdiyi diqqətə çatdırıldı. Bildirildi ki, ilin birinci yarısında rayonda 822 yeni və daimi iş yeri açılıb. Mayda keçirilən sonuncu əmək yarmarkasında 50 nəfər işə göndəriş əldə edib. Rayon üzrə orta aylıq əmək haqqı əvvəlki ilə nisbətən 5,7 faiz artaraq 248 manata çatıb.
Qeyd olundu ki, hesabat dövründə rayon əhalisinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. İlin birinci yarısında 914 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Hazırda rayonda 2381 ailə ünvanlı dövlət sosial yardımı alır. Hər ailəyə düşən orta aylıq məbləğ 127 manat təşkil edir. İlin birinci yarısında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi tərəfindən 26 min 95 nəfər əmək pensiyaçısına xidmət göstərilib.
Bildirildi ki, cari ilin birinci yarısında rayonda məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında cari ilin məhsulu üçün 69 min 152 hektar sahədə taxıl əkini aparılıb.
Qeyd olundu ki, aparılan bütün aqrotexniki tədbirlərə baxmayaraq, havaların uzun müddət quraq və yağmursuz keçməsi nəticəsində 15 min hektara yaxın taxıl sahəsi tamamilə məhv olub, qalan sahələrdə isə məhsuldarlıq demək olar ki, 2 dəfə aşağı düşüb. Bildirildi ki, son statistik məlumata görə, indiyədək rayonda 64,5 min ton taxıl istehsal olunub.
Hesabat məruzəsində ilin birinci yarısında rayonda aparılan tikinti-quruculuq işlərindən geniş bəhs edildi. Bildirildi ki, hazırda Şəki şəhərində çörək zavodunun, yeni bazarın, Baş Göynük, Baş Şabalıd, Şin, Göybulaq və Qoxmuq kəndlərində yeni məktəb binalarının, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına yenidən qurulan Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi davam etdirilir. Gənclər və İdman Nazirliyinin sifarişi ilə Şəki şəhərində Gənclər evinin və Baş Göynük kəndinin ərazisində idman zalının tikintisinə başlanılıb.
Qeyd olundu ki, uğurla başa çatan “İpək Yolu” V Beynəlxalq musiqi festivalı Şəkinin mədəni həyatında olduqca əlamətdar bir hadisəyə çevrildi. Mədəni irsin qorunub saxlanmasına xidmət edən bu festival Şəkinin turizm potensialının təbliği baxımından da mühüm əhəmiyyət daşıyır. Dünyanın tanınmış musiqi, rəqs və folklor kollektivlərinin iştirak etdikləri bu festival Şəki musiqisevərlərinin yaddaşında hələ uzun müddət xoş bir xatirə kimi qalacaq.
Yığıncaqda, həmçinin Şəkidə təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışıldı, cari ilin birinci yarısında əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olundu.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək 2014-cü ilin birinci yarısında respublikamızda ictimai-siyasi və sosial-iqtisadi sahələrdə qazanılan uğurlar və qarşıda duran vəzifələr barədə danışdı.
Sonda Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Şəki Şəhər İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsinin baş məsləhətçisi Rafik Məmmədova mükafat təqdim olundu.

Keçidlər